Regionda böyük qüvvələrin bir çox planları pozulub - Polkovnik

“Rusiya nə Azərbaycana, nə Ermənistana fərqli yanaşmır. Məqsəd, Ermənistan üzərinə Azərbaycanın əli ilə, Azərbaycanın üzərinə Ermənistanın əli ilə təzyiq edərək öz niyyətini həyata keçirməkdir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib. Son günlərdə Rusiya tərəfindən sülhməramlıların çıxarılması ilə bağlı birmənalı səslənməyən açıqlamalara münasibət bildirən ekspert qeyd edib ki, Rusiyanın strateji maraqları var:

“Rusiya sülhməramlılarının bölgədə qalma müddəti üç-beş gün üçün hesablanmamışdı. Xatırladım ki, 2020-ci ildə sülhməramlılar Qarabağa gələndə Vladimir Putin bildirmişdi ki, Qarabağın statusu dəyişməz olaraq qalmalı və gələcəkdə həll edilməlidir. Yəni, gələcəyə saxlanmalıdır, Dağlıq Qarabağda status-kvo qalmalıdır, amma mütləq Dağlıq Qarabağ və Ermənistan arasında əlaqə imkanı yaradılmaqla, Ermənistan və Dağlıq Qarabağ arasında Laçın dəhlizinin yaradılması nəzərdə tutulurdu. Artıq regionda böyük qüvvələrin bir çox planları pozulub".

E. Şıxəliyevin sözlərinə görə, qarşıda ən azı il yarımlıq müddət var:

“Rusiyanın istəyi uzun müddət bölgəmizdə qalmaqdır. Amma onlar Azərbaycanın istəyini nəzərə almırlar. Azərbaycanın istəyi isə 2025-ci ilin noyabrında ortaya çıxacaq”.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a açıqlamasında bildirib ki, Moskva sülhməramlılarının Qarabağda olması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək. Qaluzinin sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin 2025-ci ilin noyabrından sonra uzadılması regiondakı vəziyyətdən, onların gələcək mövcudluğu tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı