Benzin ixracına yeni qadağa - Qiymət artacaq?

"Rusiya öz neft məhsullarının ixracatına ilk dəfə deyil belə qadağalar qoyur. Amma sonradan müxtəlif ölkələrə kvotalar ayrılması ilə bu qadağalar yumşaldılır. Azərbaycan Rusiyadan ancaq Aİ-95 və Aİ-98 markalı benzin alır. Benzinin bir hissəsini Ruminiyadan, Rusiyadan digər hissəsini isə başqa Avropa ölkələrindən almağa çalışır. Çünki özümüzdə onun istehsalı yoxdur".

Bu sözləri Metbuat.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ənənəvi Aİ-92 və dizel yanacağının çox hissəsi Azərbaycanda istehsal olunur.

"Vaxtikən Aİ 92 markalı benzinin istehsalı ilə problem yaranırdı, hansı ki, bəzi neftayırma zavodlarında təmir işləri görülürdü. Həmin vaxtlarda Rusiyadan əlavə benzin almaq ehtiyacı yaranırdı. Düşünmürəm ki, bu, Azərbaycanda hansısa ciddi problemlərə gətirib çıxara bilər. Çünki Azərbaycan müxtəlif kvotalarla hələ də Rusiyadan yanacaq ala bilər. Digər tərəfdən isə neftayırma zavodlarında artıq təmir yekunlaşıb və istehsal da artıb".

Natiq Cəfərli eyni zamanda qeyd edib ki, Azərbaycanda Aİ-92 markalı benzin və dizel istehsalında müəyyən artım var.

"Yalnız Aİ-a95 premium markalı benzinlə bağlı problem ola bilər. Onun da qiymətinin bazar tərəfindən tənzimlənməsi ehtimal olunurdu. Çünki bu, dövlət tərəfindən, Tarif şurası tərəfindən tənzimlənmir, SOCAR tərəfindən qiymət müəyyənləşdirilir. Çünki SOCAR-ın törəmə şirkəti tərəfindən o benzin gətirilir. İndiki şəraitdə onun da qiymətinin artması ilə bağlı hər hansısa artımın olacağını düşünmürəm. Ona görə də, müəyyən problem və çətinliklər olsada, indi ki dövrdə Azərbaycanda yanacaq qiymətlərinin qalxması böyük səhv olardı. Çünki, Azərbaycanda hələ də yüksək inflyasiya rəqəmləri var. Yanacaq qiymətlərinin qalxması inflyasiyanı artıra bilər".

Qeyd edək ki, Rusiya hökumətinin başçısı Mixail Mişustin bu il martın 1-dən altı ay müddətinə benzin ixracına qadağa qoyub. Bu barədə “RBC” agentliyi mənbələrə istinadən xəbər verib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı