Makronun diqtəsi ermənilərə baha başa gələcək - Deputat

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlin görüşlərində sülhə doğru hər hansı irəliləyişin əldə ediləcəyi sual altında olsa da, onun baş tutmasını müsbət qiymətləndirirəm. Bu görüş haqda razılığa Almaniya kansleri cənab Şoltsun təşəbbüsü ilə, ancaq bizim dövlət başçımızın diqtə etdiyi format çərçivəsində keçirilən yüksək səviyyəli Azərbaycan-Ermənistan danışıqlarında gəlinib və heç təsadüfi deyil ki, həmin danışıqlar başa çatar-çatmaz Emmanuel Makron Nikol Paşinyanı Parisə dəvət edərək onun nəticələrini heçə endirməyə çalışdı. Çünki o, Azərbaycan Prezidentinin Münxendə keçirdiyi bir sıra görüşlərin, eyni zamanda Ermənistan baş naziri ilə ikitirəfli format çərçivəsində aparılan danışıqların da Fransanın beynəlxalq oyunçu olaraq marginallaşdırılması anlamı daşıdığının, ona öz meydançasında qol vurulduğunun yaxşı fərqində idi".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Sahil Alıyev deyib. O bildirib ki, Paşinyana Avropanın təkcə Fransadan ibarət olmadığı daha aydın dillə başa salınıb:

"Və o da başa salınıb ki, Almaniya cənab İlham Əliyevin məqsədinin Fransanı Azərbaycan-Ermənistan danışıqlarından uzaqda tutmaq olduğunu görə-görə buna göz yumur, hətta özünün Qafqazda mövqelərinin gücləndirilməsi kimi dəyərləndirir, iş adamlarını indiyədək görünmədiyi qədər böyük bir heyətlə Bakıya göndərirsə, Makronun diqtəsi ilə oturub-durmaq haylara sonda baha başa gələ bilər. Üstəlik, Prezidentimizin “onun-bunun qucağına sığınan Ermənistan” üçün yeganə yolun bizim “bütün şərtlərimizi qəbul etmək” və “Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək” olduğu haqda Xocalıdakı dünənki xəbərdarlığının nə anlam daşıdığını da hər halda Paşinyan dərk edib".

Sahib Alıyev qeyd edib ki, bu xəbərdarlıqdan düzgün nəticə çıxarılıb-çıxarılmadığını isə biz tez bir zamanda görəcəyik:

"Əgər Berlin danışıqlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri martın birindən üçünədək keçiriləcək və hər ikisinin də qatılacaqları Antalya Diplomatiya Forumu çərçivəsində də bir araya gələcəklərsə, sülhə doğru hər hansı irəliləyişdən danışmaq mümkün olacaq. Bu danışıqlardan sonra Ermənistan yenə öz ampluasına uyğun hərək etsə, onda Prezidentimizin təbirincə desək, bizim bütün şətrlərimizi başqa yolla yerinə yetirməli olacaq. Şərtlər isə hələ də işğal altında qalan 8 kəndimizi geri qaytarmaq, təhlükəsizliyimizə təhdid yaradacaq səviyyədə militarlaşmamaq, üzərinə götürdüyü öhdəliyə əməl edərək Zəngəzur dəhlizini açmaq və ən əsası Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoymaqdan ibarətdir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı