Ərini daşla öldürən qadın azadlığa buraxıla bilər - Vəkil

"Naxçıvanda 21 il əvvəl həyat yoldaşını daşla öldürüb quyuya atan qadın cinayəti xüsusi amansızlıqla törətməyibsə, məsuliyyətdən azad oluna bilər".

Bunu Metbuat.az-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, tanınmış vəkil Vüqar Babayev deyib. O bildirib ki, istintaqın gedişində müəyyən edilmiş hallardan asılı olaraq yekun qərar verilə bilər: "Əgər cinayət ağırlaşdırıcı hallarda qəsdən adam öldürmədirsə, məsələn, xüsusi amansızlıq, mütəşəkkil dəstə tərəfindən törədilmə və sair ağırlaşdırıcı hal deyilsə, yəni Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayətdirsə, o zaman cinayət törətmiş şəxsin razılığı ilə cinayətin törədilmə müddətinin keçməsinə görə həmin cinayət işi üzrə icrata xitam verilə bilər. Əgər baş vermiş cinayət hadisəsi ağırlaşdırıcı hallarda, yəni Cinayət Məcəlləsinin 120.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlidirsə, həmin cinayətlərin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulduğu üçün, həmin şəxsin cinayət məsuliyyətindən azad edilib-edilməməsi məsələsinə məhkəmə tərəfindən qiymət veriləcək".

V. Babayev bildirib ki, məsuliyyətdən azad olunma müddəti, törədilən cinayətin ağırlıq dərəcəsinə görə müəyyən edilir: "Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, cinayət törədildiyi gündən məhkəmə hökmü qanuni qüvvəyə mindiyi vaxta qədər 20 il müddət keçirsə, cinayət törətmiş şəxs məsuliyyətdən azad edilir. Bu şərtlə ki, həmin cinayətlərin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmasın".

Vəkil bildirib ki, eyni zamanda həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.

Xatrırladaq ki, fevralın 27-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qaradağlar kənd sakini 1961-ci il təvəllüdlü Həlimə Kərimova 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əri 1958-ci il təvəllüdlü Məhəmməd Kərimova baş nahiyəsindən daşla zərbələr endirərək qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda basdırmasına əsaslı şübhələr müəyyən olunub. Həlimə Kərimovanın göstərdiyi yerdə prokuror-kriminalist və tibb sahəsində ekspertin iştirakı ilə aparılan qazıntı işləri nəticəsində insana məxsus sümük fraqmentləri aşkar edilib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı