2 il əvvəl itkin düşmüş Abşeron rayon sakininin qəsdən öldürülməsi müəyyən edilib.
Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2022-ci ilin may ayında itkin düşmüş Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qəsdən öldürülməsi müəyyən edilib.
Belə ki, Bahar Məmmədovanın 2022-ci il mayında itkin düşməsi faktı üzrə Abşeron rayon prokurorluğu və Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 1969-cu il təvəllüdlü Könül Baxşəliyev tərəfindən qısqanclıq zəminində boğularaq qəsdən öldürülməsi, daha sonra isə həmin evin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
Bahar Məmmədovanın meyitinin basdırıldığı yer Könül Baxşəliyevin istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq ekspert və prokuror-kriminalistin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Könül Baxşəliyev Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Ötən illərdən bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.