Ali təhsil müəssisəsindən xaric olunma ilə bağlı qaydalar dəyişdi - RƏSMİ

Ali təhsil müəssisəsindən xaric olunma ilə bağlı qaydalar dəyişib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir:

- öz arzusu ilə;

- ali təhsil müəssisəsini dəyişdikdə;

- ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda;

- səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən);

- növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda;

- əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda;

- əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə;

- yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə).

Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən ali təhsil müəssisəsindən xaric edilmiş Azərbaycan vətəndaşı (qanunla müəyyən edilmiş hallarda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilərək müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilənlər istisna olmaqla) 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat 7 (yeddi) gün müddətində ali təhsil müəssisəsi tərəfindən tələbələrin hərbi qeydiyyatda olduqları dövlət qurumuna verilir.

Ali təhsil müəssisəsindən xaric edilmiş şəxsə “Təhsil haqqında” qanunun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması həmin müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı