Milli.Az Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin qafqazinfo-ya müsahibəsini ixtisarla təqdim edir.

- Saxta yolla sənəd alıb mühacirətə getmək mövzusu yenidən gündəmə gəlib. Sizin bu məsələ ilə bağlı mövqeyiniz nədən ibarətdir?

- Əvvəla, qeyd edim ki, hər şeyin saxtası olur. Məsələn, biri məhsul istehsal edir, bir də görürsən ki, saxtadır. İndi düzgün yollarla mühacirətə gedən insanlar da var, bunu saxta yolla edənlər də. Burada faciəvi nəsə yoxdur. Əgər bütün sferalarda saxta nəsə tapmaq mümkündürsə, nədən saxta mühacir anlayışı qəribə olmalıdır ki? Kiməsə ora getmək lazımdır və o da ən asan yolunu tapmağa çalışır. Bunun da müxalifətə hər hansı isti-soyuğu yoxdur. Mühacirətçiliklə müxalifətçilik arasında böyük fərq var.

- Burada məsələ odur ki, konkret partiyanın adı çəkilir və pul verilməsi iddiası da səslənib...

- Əgər kimsə saxta pul kəsib dövriyyəyə buraxa bilirsə, müxalifətin içində də saxta arayış verib müxalifətçilik adıyla mühacirətə göndərən adam ola bilər. Mən bununla tanış deyiləm. Əgər olanlar varsa, yəqin ki, kimsə kimsəylə dost-tanış olub, ya da nəyinsə müqabilində ona sənəd verib.

- Sizin partiyaya bununla bağlı müraciətlər edilirmi?

- Biz o işin içində yoxuq. Arayış verdiyimiz bircə adam da yoxdur, baxmayaraq ki, bununla bağlı bizə müraciət edənlər olub. Ona görə də bu məsələlərdə çox rahatam.

- Yanğınla bağlı hadisələrdə baş nazirin müavini Abid Şərifovun jurnalistin sualına qarşı verdiyi cavab çox müzakirə olundu. Sizin buna münasibətiniz necədir?

- Azərbaycan məmuru ilə jurnalisti arasındakı münasibətlər, onsuz da, bundan yuxarı deyil ki? Bu Abid Şərifov jurnalist münasibəti deyil. Məmurla jurnalist münasibəti kontekstindədir. Məmurun kim olmasından asılı olmayaraq, sistem bu cür formalaşıb. Bu uzun illərin formalaşmış ənənələridir, bunu sındırmaq lazımdır. Məmurun jurnalist, cəmiyyət qarşısında sorumluluğunun nə olduğunu vərdişlər təsbit edir. Bu vərdişlər isə bizdə formalaşmayıb. Ona görə də məmurun yox, prosesin üzərinə getmək lazımdır. Bundan əvvəl də nə qədər Azərbaycan jurnalisti məmurlar tərəfindən təhqir olunub.

- Parlamentin son iclasında həmkarlarınız Sabir Rüstəmxanlı və Musa Quliyev arasında Rəsulzadənin Gəncə şəhərindəki büstünün üzərinə çuval keçirilməsi ilə bağlı mübahisəsi oldu. Siz iclaslarda adətən belə mövzularda həmişə müxalifətin tərəfində olub, onlara dəstək vermisiniz. Amma bu dəfə bunun şahidi olmadıq. Ümumiyyətlə isə son iclasda heç bir mövzuda çıxışınız olmadı...

- Həmin mübahisə zamanı zalda yox idim. Görüşüm olduğu üçün çıxmışdım, sonradan yenidən qayıtdım. Qayıdanda isə başqa məsələlər müzakirə olunurdu. Rəsulzadə ilə bağlı onu deyə bilərəm ki, o, Azərbaycan tarixinin önəmli parçasıdır. Bugünkü Cümhuriyyətin varisidir. Biz, əslində, çalışmalıyıq ki, cümhuriyyətçilik ənənələrini müsəlman dünyasına gətirənlərə heykəllər qoyulsun. Parlamentdəki çəkişmə isə, ictimai müstəvidən şəxsi müstəviyə keçdi. Bu yaxşı hal deyildi. Çox arzu edərdim ki, deputatlarımız etik davransınlar. Ancaq Sabir Rüstəmxanlının sədrlə ritorikasında "siz yalan danışırsınız" deməsi də doğru deyil. Məclis dəyişməlidir, bəlkə Türkiyə təcrübəsində son illər bu ənənə korlanıb. Amma dünyada görürük ki, müraciət və etiket normaları elə dəqiqliklə qorunur ki, heyran qalırsan.

Çıxış etməməyin səbəbi isə olmamağımla bağlı idi. Mən elə deputatlardan deyiləm ki, mənim üçün söz demək yalnız məclisin tribunasından olsun, sözümü KİV-də çatdıra bilirəm.

- TQDK-nın əvvəlki illərin məzunları üçün keçirdiyi imtahanda əldə edilən aşağı nəticələr müzakirələrə səbəb oldu. Sizcə, əldə edilən bu nəticə nə qədər qənaətbəxşdir?

- Azərbaycanda təhsilin səviyyəsi ilə qane ola bilmərəm. Təhsildə uğurlu siyasət aparanlar bir suala cavab versinlər ki, niyə ildən-ilə keçid balı aşağı düşür? Bu ciddi problemin olduğunu göstərir. Bu gün elə rayon kəndləri var ki, oradan illərdir bir kimsə də ali məktəbə daxil olmur. O məktəbdə kim dərs deyəcək? Axı müəllimin maaşı yüksək deyil, kimsə Bakıda isti yuvasını qoyub orada dərs deməz. Yeganə yer təhsildir ki, biz ora investisiya qoyub heç zaman itirməyəcəyik. Nazirin dəyişməsi məsələni həll etmir, sistem düzgün deyil. Sovet sistemi ilə Boloniya sistemi arasında çabalamaqla bu məsələ həll olunmur. Azərbaycan təhsilinin yaxın zamanlarda düzələcəyini də güman etmirəm. Mən izah edə bilmədim ki, təhsil bir xidmətdir. Müəllim də xidmətinin müqabilində adam kimi pul almalıdır ki, xidmət göstərə bilsin. 200 manatlıq xidmətin nəticəsi bundan artıq olmur. Bir olimpiya çempionuna bir müəllimin 198 illik maaşını, yəni 400 min manatı verirsənsə, nəticə də belə olacaq. Müəllimə bu qədər maaş verən dövlət ballardan danışmasın.

- Spikerin xaricdə təhsilllə bağlı dediyi fikirlər də birmənalı qarşılanmadı...

- Təəssüf edirəm ki, cəmiyyət bəzən yüksək keyfiyyətli təhsildən danışır, amma indi məhz spiker deyib deyəmi qəbul etmirlər? Gedib elə universitetin diplomunu gətirirlər ki, bilirsən ki, heç oxumayıb orada, sadəcə möhür vurdurub gətirib. Spiker də bunu deyirdi. Qeyd edir ki, 418 ali məktəb qeydiyyatdan keçib. Gedin həmin universitetlərdə təhsil alın. Amma daha Dağıstanda, Rusiyada, Ukraynada evində möhürü olan bir adamın 4 ilə möhlət alıb onun diplomunu gətirib gözümüzə soxmayın. İndi köşə yazırlar, çıxış edirlər. Amma spikerin yanaşması təhsilin yaxşılaşdırılması üçün edilən yanaşma idi. Amma bu şəkildə yanaşma müxalif camiəni etibardan salır.

- Bir neçə gündən sonra Avropa Oyunları keçiriləcək. Bəzi müxalif partiyalar bu oyunları boykot etməklə ilə bağlı çağırışlar səsləndirirlər. Bəs sizin oyunlara münasibətiniz necədir?

- İdman həmişə mənim üçün maraqlı olub. Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə isə çox sevinirəm. Bu oyunlardan iqtidar heç nə qazanmır. Avropa strukturları, beynəlxalq təşkilatlar oyunları müzakirə edir, bununla da iqtidarın üzərinə gedir. Amma millət olaraq qazanclarımız odur ki, bu oyunlar iqtidarı Avropanın parçası olmağa məcbur edir. Bu da Avropa coğrafiyasına bizi bir addım daha yaxınlaşdırır. İkincisi, biz həmişə Avropanı dərdimizi, mədəniyyətimizi və.s tanımır deyə fəryad etmişik. Bu oyunları tanıtmağın bir nümunəsidir. Müxalifət olaraq bizim bu qədər xarici jurnalisti dəvət etmək imkanımız olmayıb, etsək də gəlməyəcəklər. Amma gələn jurnalist hökmən insan haqları, demokratiya ilə də bağlı soruşacaq. Bizim xaricə çatdıra bilmədiyinizi onlar çatdıracaq. Nədən buna narazı olmalıyıq?

Oyunlara xərclənən maliyyədən danışırlar. Düşünmürəm ki, bu oyunların keçirilməsinə aşırı maliyyə sərf olunub. Büdcəylə tanış olan biri kimi hesab etmirəm ki, pulu kimsə çömçə ilə götürüb ora tökür. Pul ya büdcədən, ya da ki Neft Fondundan götürülür, başqa pul götürülmə yeri yoxdur. Büdcədən infrastruktur layihələrinə 970 milyon vəsait ayrılıb ki, bunun da 540 milyonu stadionun, idman qurğularının tikintisinə sərf olunub. Bu da normal bir rəqəmdir. 8-10 milyard pul xərclənib deyənlər o rəqəmləri haradan götürüblər, bunu bilmirəm.

- Turizm cəhətdən qazanclarımız olacaqmı?

- Turistlik baxımından bu məsələni şişirdirlər. Bilirsiniz, Avropaya 10 reysi olan ölkəyə turist gəlməz. Turist orta səviyyədən də aşağı yaşayan insanlardır. Adamların hamısı bu 10 şəhərdə yaşamır. Bundan əlavə, vizanı haradan alacaqlar? Bizim turistlik imkanlarımız sıfıra bərabərdir. Turistin heç biri qalxıb bir şəhərdən müxtəlif ölkələri basa-basa gedib o şəhərdən Bakıya gəlirəm deyə uçmaz. Onun normasından bir az artıq vəsaiti var. Özü də ki, bu ölkə öz ölkəsindən hər şeyinə görə qat-qat bahadır, viza yox, təyyarə yox, nəylə gələcək?

- İlhamə Quliyevanın məşəl daşıması məsələsini müzakirəyə səbəb oldu. Sizcə, o məşəl daşıya bilər?

- 150 adam məşəli daşımalıdır. Onlardan biri Alim Qasımovdur, digəri İlhamə Quliyevadır. Olsun da, İlhamə də daşısın. Deyirlər ki, qaça bilmir. Bəs qaça bilsəydi, mütləq daşımalı idi? Azərbaycan iqtidarının Avropa Oyunları siyasətində məqsədi odur ki, sifətlər daha çox olsun. O sifətin də biri İlhamədir. Ha İlhamə iki addım daşıyıb məşəli verdi, ya vermədi başqasına. Bu, nəyi dəyişəcək ki?

- Azərbaycan kubokunda "Qarabağ" - "Neftçi" finalı oldu. "Qarabağ" qalib gəldi. Siz hansı komandanın azarkeşisiniz?

- "Qarabağ"ın azarkeşiyəm. Tarixən "neftçi"liyəm, ona görə də "Neftçi"yə xəyanət etmiş kimi oluram. Amma mən bir az qarabağlıyam, "Qarabağ" Qarabağdır, Qarabağ nisgilimizdir. Oyunda Reynaldonun iki qolunu da bəyəndim. Yaxşı idi.

Milli.Az