Üçüncü dünya müharibəsini bu ölkə başlada bilər - Böyük təhlükə

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Kossuth” radiostansiyasına açıqlamasında deyib ki, Avropa İttifaqı ölkələri Ukraynaya qoşun göndərə bilər. Onun sözlərinə görə, Aİ- nin və bir çox icma ölkələrinin liderləri Ukraynadakı münaqişəni şəxsi məsələyə çevirərək hərbi psixozun əsiri olurlar və bunun nəticəsi Qərb qoşunlarının ora göndərilməsi ola bilər.

Metbuat.az xəbər verir ki, məsələni şərh edən politoloq Kənan Novruzov bildirib ki, Qərbin Ukraynaya qoşun göndərməsi məsələsi xeyli müddətdir gündəmdədir:

“Bu fikrin təşəbbüskarı Fransa Prezidenti Emmanuel Makron olub. Sözügedən təklif həm Aİ, həm də NATO daxilində ciddi fikir ayrılıqları yaradıb. Çox az ölkə Parisin bu təşəbbüsünü dəstəkləyib. Məsələ ondan ibarətdir ki, Fransanın Ukraynaya qoşun göndərməsi NATO- nun Rusiyaya müharibə elan etməsi deməkdir. Görünür, Qərb dövlətlərinin əksəriyyəti buna hazır deyil. Ona görə də belə bir ssenarinin reallaşmasını istəmir.

İkinci bir tərəfdən, Qərb dövlətlərinin hansınınsa, o cümlədən Fransanın Ukraynaya qoşun göndərməsi Aİ və NATO daxilində fikir ayrılıqlarını artıracaq. Bu, perspektivdə hər iki təşkilatın parçalanmasına və beləliklə, Qərbin təhlükəsizlik arxitekturasının pozulmasına səbəb ola bilər”.

Politoloq qeyd edib ki, bu vəziyyət Qərbə qarşı mübarizədə nəinki Rusiyanın, həm də Çin və İranın əlinin gücləndirilməsi deməkdir. Yəni Fransanin Ukraynaya qoşun göndərməsi son nəticədə bumeranq effekti verə bilər:

“P.Siyartonun sözlərinə gəldikdə isə deməliyik ki, Ukraynadakı müharibənin başlamasında Qərb dövlətlərinin rolu heç də az deyil. NATO- nun genişlənmə cəhdi Rusiyanın Ukraynaya müdaxiləsi ilə nəticələndi. Ukrayna Qərb üçün əvvəl qurban, sonra da poliqon oldu. Savaşın başlanmasında kollektiv Qərbin konkret məqsədləri var idi: Rusiyanın idarə olunan hala salınması, ABŞ və Avropanın Şərqi Avropadakı mövqelərinin zəiflədilməsi, həmçinin Çinin imkanlarının aşağı salınması. Amma müharibə uzandıqca kollektiv Qərb arasında fikir ayrılıqları yarandı. Artıq nəinki ABŞ-lə Aİ arasında hətta ABŞ və Aİ- nin daxilində də ziddiyyətlər var. Bu isə tərəflərin ortaq mövqedən çıxış etmələrinə mane olur.

Bundan başqa, deməliyik ki, kollektiv Qərbdə olmasa belə, Qərbin ayrı - ayrı dövlətlərində müharibə psixozu, doğrudan da, yarana bilər. Çünki "oxları daşa dəyib". Bu isə Qərbdə aqressiyanı artırır. Ola bilsin, bəzi Qərb dövlətləri, xüsusilə bir sıra regionlarda, o cümlədən Afrikada uğursuzluğa düçar olan Fransa özünü Ukraynada təsdiqləmək istəyir. Bu ambisiyası isə heç bir halda sülhə töhfə vermir. Əksinə, daha ciddi kataklizmlərə, o cümlədən üçüncü dünya müharibəsinin rəsmən elan olunmasına səbəb ola bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı