AMB qərar verdi: Manat dollar qarşısında ucuzlaşa bilər?

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb. Məlumata görə, AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddini 6,25% olaraq saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. Bununla yanaşı, bu ilin yanvar-mart aylarında keçirilən valyuta hərraclarındakı sarış ötən ilin eyni dövrü ilə müqayisədə 97,6 % (2 dəfəyə yaxın) çox olub.

Qarşıdakı aylarda manatı gözləyən vəziyyət barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, 2024-cü ildə belə bir təhlükə ola biləcəyini düşünmür:


“Azərbaycanın ixracında əhəmiyyətli rol oynayan neftin və qazın qiymətlərinin normal olması manata təsir edən əsas səbəblərdən biridir. Bu da tədiyə balansının profisitli olmasına gətirib çıxarır. Yəni ölkəyə girən dollar ölkədən çıxan dollardan çoxdur. Hal-hazırda büdcələrdə Azərbaycan neftinin qiyməti 85 -90 dollar arasında proqnozlaşdırılır. Bu da onu göstərir ki, ixracdan gələn vəsaitin qiyməti kifayət qədər komfortludur”.

Manata göstərilən manipulyativ, psixoloji təsirlər barədə danışan ekspert qeyd edib ki, bu 2015-2016-cı illərdəki kimi əhəmiyyətli olmayacaq:

“Hazırda valyuta bazarına nəzarət var, o əvvəlki illərdə olan boşluqlar aradan qaldırılıb. Bildiyiniz kimi, sənədsiz hər hansı valyutanı dəyişmək limitlərə əsasən aparılır.

Bizim üçün önəmli məqam enerji qiymətlərinin yüksək, tədiyyə balansının profisitli olmasıdır. Ümumi vəziyyətə əsasən güman edirəm ki, milli valyutamızın 2024-cü ildə dollara nisbətdə məzənnəsi dəyişməyəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı