“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirildi

Ekologiya və təbii sərvətlər naziri, COP 29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin təşkilat komitəsinin sədri Fərəh Əliyeva, energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev, Milli Məclisin deputatı, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP29-un gənc iqlim çempionu Leyla Həsənova da iştirak edib.

Görüşdə ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Nazir COP29-un ölkəmizdə uğurla keçirilməsində “Yüksəliş” müsabiqəsi qaliblərinin prosesə cəlb edilməsinin əhəmiyyətini vurğulayaraq onları layihə təkliflərinin hazırlanması və icrasında yaxından iştiraka səsləyib, bu cür görüşlərin gələcəkdə də keçirilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı