"Qərb regionda nə sülhün, nə də Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır" - Millət vəkili

“Ermənistan rəhbərliyi son zamanlar Qərblə razılaşdırılmış və mümkündür ki, ikincinin diqtəsi ilə sülh göyərçini rolu oynamağa üstünlük verir. Mən onların Azərbaycanın işğal altındakı eksklav olmayan dörd kəndinin qaytarılması haqda açıqlamalarını da daha çox bu rakursda dəyərləndirməyin tərəfdarıyam”.

Bu fikirləri Metbuat.az-a millət vəkili Sahib Alıyev deyib.

Onun fikrincə, bu sülh göyərçiliyi missiyası Ermənistanın, Qərbdəki havadarlarının Azərbaycanda təcavüzkar obrazı formalaşdırmaları fonunda baş verir:


“Düşünürəm ki, bütün bunlar cənab İlham Əliyevlə ABŞ dövlət katibi Entoni Blinken arasında aprelin üçündə ikincinin təşəbbüsü ilə baş tutan telefon danışıqlarında Prezidentimizin qeyd etdiyi kimi, qərbdəkilərin Ermənistanda hərbi mövcudluqlarının təmininə hesablanmış addımlardır. Ermənistan rəhbərliyi bir həftə vaxt qoymuşdu ki, guya həmin vaxt ərzində kəndlər qaytarılmasa, Azərbaycan savaşa başlayacaq. Göründüyü kimi, bunların heç biri olmadı. Hesab edirəm ki, belə bir açıqlama verməkdə məqsəd həmin kəndləri qaytarmaq yox, Brüssel görüşü zamanı Ermənistana göstəriləcək hərbi-siyasi və hərbi-texniki dəstəyi əsaslandırmaqdır. Düzdür, həm sözügedən telefon danışığında, həm də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeninə edilən xəbərdarlıqlar nəticəsində qəbbdəkilər bu, hərbi-texniki və hərbi-siyasi dəstəklə bağlı planlaşdırdıqlarını tam etmədilər. Amma yəqin ki, çox qıcıq yaratmamaq üçün niyyətlərini mərhələli şəkildə reallaşdırmağa çalışacaqlar”.

Sahib Alıyev vurğulayıb ki, dörd kəndin qaytarılmasında Qərbdən də çox həmin kəndlərin yaxınlığında özünün hərbi infrastrukturunu quran Rusiya maraqlı deyil:

“Düzdür, Rusiya tərəfi bununla bağlı hər hansı bir açıqlama verməyib, ancaq onların istəklərini onsuz da bu və ya digər şəkildə Qərb reallaşdırır. Qərb nə Azərbaycanla Ermənistan arasında əsaslı, dayanıqlı bütün ziddiyyətlərin aradan qaldırılacağı sülhün tərəfdarıdır, nə də Zəngəzur dəhlizinin açılmasını istəyir. Mənim gəldiyim nəticə budur ki, qərbdəkilər artıq Qarabağın Azərbaycanla Ermənistan arasında qarşıdurma və onların da əllərində təzyiq aləti kimi əldən çıxdığını görüb, onu delimitasiya məsələləri ilə əvəzləmək istəyirlər. Yəni sərhədlər məsləsini tərəflər arasında qarşıdurma mövzusuna çevirərək özləri də bu qarşıdurmanı, torpaqlarımız işğal altında olduğu vaxtlardakı kimi idarə etməyi düşünürlər. Bir faktı bildirim ki, bu yaxınlarda Ermənistanda sorğu keçirdi və bəlli oldu ki, rəyi öyrənilənlərin 90 faizi həmin kəndlərin qaytarılmasını istəmir. Niyə istəmir, bax, bu sualın cavabı da həmin sorğunu keçirdiyi vaxtla bağlıdır. Sorğu Brüssel görüşü öncəsi keçirilmişdi və rəyi öyrənilən haylar düşünürdülər ki, Qərbin necə qətiyyətlə Ermənistanın arxasında durduğunu görüb Azərbaycan həmin kəndlərin qaytarılması üçün güc tətbiqinə əl atmaqdan çəkinəcək. Amma yanıldılar və yanılırlar. Düşünürəm ki, ya Ermənistan o kəndləri qaytaracaq, ya Azərbaycan o kəndlərə qayıdacaq. Az da olsa, qarşı tərəfin vaxtı var. Onlar əvvəlki təcrübələrindən yaxşı bilirlər ki, Azərbaycanın xəbərdarlığına əməl etməmək nə ilə nəticələnib. Xatırladım ki, Azərbaycan Prezidenti sözügedən kəndlərin işğal altında qalmasını dözülməz vəziyyət kimi qiymətləndirib. Bunun da nə anlam daşıdığını isə qarşı tərəf bilməmiş deyil. Bir daha vurğulayıram ki, Ermənistan “Dəmir yumruğ”un gücünü yenidən öz üzərində hiss etmək istəmirsə, qeydsiz- şərtsiz həmən kəndləri qaytarmalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı