Azərbaycan səfirini Tehrana göndərəcək? - AÇIQLAMA

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani aprelin 15-də keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün hazırlıq işləri aparılır.

Onun sözlərinə görə, Azərbaycanın Tehranda diplomatik fəaliyyətini bərpa etmək üçün ilk müsbət addımlar atılıb, xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb.

Məsələyə münasibət bildirən sabiq maliyyə naziri Fikrət Yusifov Metbuat.az-a deyib ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin dayanmasında Azərbaycan tərəfinin heç bir məsuliyyəti yoxdur:


“Keçən ilin yanvar ayının 23-də səfirliyimizə hücum zamanı diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbərinin öldürülməsi və iki mühafizəçinin yaralanmasından sonra Azərbaycanla İran arasında münasibətlərdə gərginlik yarandı və səfirliyimizin fəaliyyəti dayandırıldı. Acınacaqlı hal bu idi ki, İran hökuməti baş vermiş bu terror aktına ilkin mərhələdə çox məsuliyyətsiz münasibət sərgilədi. Hadisənin ertəsi günü səfirliyimizə hücum etmiş şəxsin İran dövlət televiziyasına azad şəkildə müsahibə verməsi isə vəziyyəti bir qədər də gərginləşdirdi. Bu hadisədən sonra Azərbaycan tərəfi haqlı olaraq İran hökumətini baş vermiş terror aktında ittiham etdi. Azərbaycan hökuməti terror törətmiş şəxs barədə qanuni tədbirlər görülməyincə, İranla diplomatik əlaqələrin bərpa edilməyəcəyini bəyan etdi. Nəhayət İran hökuməti başa düşdü ki, iki dövlət arasında diplomatik əlaqələrin bərpası terror törətmiş şəxsin ədalət məhkəməsi vasitəsilə mühakimə edilməsindən keçəcək. Və bu da baş verdi. Səfirliyimizə hücum edib bir nəfəri öldürmüş, iki nəfəri isə yaralamış şəxs barəsində İran məhkəməsi ölüm hökmü çıxardıb”.

İranla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının hər iki ölkə üçün vacib olduğunu xatırladan sabiq nazir vurğulayıb ki, qonşu ölkələr kimi həm İranın, həm də Azərbaycanın ortaq maraqlarını əhatə edən bir çox məsələlər mövcuddur:

“İqtisadi və ticarət əlaqələrindən dolayı Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi transmilli bir layihə üzərində birlikdə az iş görülməyib. Qarşılıqlı səylərin olmadığı təqidrdə bu layihənin reallaşdırılması təhlükə altında düşə bilər. Digər tərəfdən, İranda on milyonlarla Azərbaycan türkləri yaşayır ki, bu da çox mətləblərə aydınlıq gətirəcək bir məsələdi.

Səfirliyimizə hücumdan sonra, nəhayət, İran hakimiyyətinin mövqeyində məsələyə münasibətlə bağlı baş vermis dəyişiklik – yəni bu terror aktını törədən şəxsin cəzalandırılması hər iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunmasına yol açmış oldu. Hesab edirəm ki, yaxın aylarda Tehrandakı səfirliyimiz fəaliyyətini bərpa edəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı