Aprelin 16-da ölkə ərazisində çaylarda müşahidə olunan faktiki və gözlənilən hidroloji vəziyyətlə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti məlumat yayıb.
Metbuat.az xəbər verir ki, qurumdan verilən məlumata görə, avtomat hidroloji stansiyaların müşahidələri nəticəsində əksər çaylarda sululuğun artdığı müəyyən edilib. Ən çox artım Böyük Qafqazdan axan çaylarda qeydə alınıb.
Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda suyun səviyyəsi 49 sm, Qarasuçayda 25 sm, Qımılda 24 sm, Əyriçayda 21 sm artıb. Kiçik Qafqazdan axan Əsrikçayda 15 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Quruçayda 29 sm, Oxçuçayda 22 sm, Köndələnçayda 18 sm, Tərtərçay-Vəngdə 9 sm, Tutqunçay və Bəsitçayda 9 sm, Həkəriçayda isə 4 sm yüksəlmə müşahidə olunub.
Transsərhəd çaylarda da artım qeydə alınıb: Kür-Qıraqkəsəmən məntəqəsində 40 sm, Araz-Qıvraqda 19 sm, Qanıx-Cəlayir məntəqəsində isə 7 sm-lik yüksəlmə müşahidə edilib.
Güclü və leysan xarakterli yağıntılar nəticəsində bəzi çaylarda sel keçib. Belə ki, Şabran rayonu ərazisindən axan Gilgilçay, Quba rayonu ərazisindən axan Qudiyalçay, İsmayıllıdan axan Girdimançay, Qəbələdən axan Dəmiraparançay, Ağsudan axan Ağsuçay, Qobustandan axan Pirsaatçay və Samux ərazisindən axan Qabırrı çayından sel keçdiyi bildirilib.
Qeyd olunur ki, qeyri-sabit və yağıntılı hava şəraitinin aprelin 17-dək davam edəcəyi, aprelin 16-sı ərzində isə yağışların intensiv və güclü olacağı gözlənilir. Bu səbəbdən çaylarda sululuğun yüksək səviyyədə qalacağı, xüsusilə Böyük və Kiçik Qafqaz, eləcə də Lənkəran-Astara zonasının bəzi çaylarında sel və daşqın hadisələrinin davam etməsi ehtimal olunur.