Dünya bazarında neftin qiyməti kəskin artıb.

Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, “Brent” markalı neftin bir bareli 4,54% bahalaşaraq 104,75 dollara, WTI markalı neft isə 4,53% artaraq 92,28 dollara çatıb.

Bahalaşmaya Yaxın Şərqdə hərbi gərginliyin artması, Hörmüz boğazında gəmilərə hücumlar və qasırğa təhlükəsi səbəbindən ABŞ-da neft hasilatının məhdudlaşdırılması təsir göstərib.

Analitiklər qlobal enerji təchizatında yeni böhran riskinin artdığını bildirirlər. Dünya neft tədarükünün təxminən beşdəbirinin keçdiyi Hörmüz boğazında təhlükəsizlik vəziyyətinin pisləşməsi bazarlarda ciddi narahatlıq yaradıb.

UBS bankının analitiki Covanni Staunovo bildirib ki, gəmilərə hücumların Hörmüz boğazından kənara yayılması strateji dəniz marşrutu ilə daşımaların davamlılığını sual altına qoyur.

Bununla yanaşı, Meksika körfəzində yaxınlaşan qasırğa ABŞ-ın neft hasilatına da təsir edib. Regionda hasilatın bir hissəsinin dayandırılması qiymət artımını daha da sürətləndirib.

Yaxın Şərqdə gərginliyin davam etməsi dünya enerji bazarında qeyri-müəyyənliyi artırır və neftin qiymətində yeni dalğalanmalar riskini gücləndirir.