Qatar yoluna daş düzən azyaşlılar müəyyən edildi

Sumqayıt qatarını Xırdalan dəmir yolu stansiyasının ərazisində daşa basan və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar

28 aprel 2024-cü il tarixdə Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Xırdalan dəmir yolu stansiyasının ərazisindən keçərkən qatarın yoluna daşlar düzərək real təhlükə yaradılması və hərəkətdə olan qatarın sağ yan şüşəsinə daş atılaraq sındırılması barədə polisə məlumat daxil olub. Bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törədən 3 azyaşlı müəyyən olunaraq valideynlərinin iştirakı ilə Polis Şöbəsinə gətiriliblər.

Valideynlər və azyaşlılarla profilaktik söhbətlər aparılıb. Övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu onların diqqətinə çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir daha vurğulanır ki, Bakı-Sumqayıt sürət qatarının keçdiyi xətt üzrə sərnişinlərin narahatlığına səbəb olan əməllər təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində də polis əməkdaşları tərəfindən ciddi tədbirlər görüləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı