İrəvan narahatdır: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır?

Ermənistanda müxalifyönlü liderlər tez-tez delimitasiya prosesinin gedişində İrəvanın Göyçə və Zəngəzuru Azərbaycana qaytaracağı ilə bağlı iddialar səsləndiriblər.

Bu iddiaların yaranma və reallaşma ehtimalları barədə Metbuat.az-a AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə açıqlama verib. O hesab edir ki, Ermənistanda son dövrlər sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı yaranmış vəziyyət, verilən açıqlamalar ümumilikdə xaotik xarakter daşıyır:


“Bu cür açıqlamaların meydana çıxması bir neçə məqsəddən və səbəbdən qaynaqlanır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə, 2023-cü ilin sentyabrında keçirdiyi uğurlu antiterror əməliyyatı, Azərbaycan prezidentinin müxtəlif dövrlərdə Azərbaycanın ərazisinin bütün hissələrini geri qaytaracağı ilə bağlı verdiyi açıqlamalar Ermənistan cəmiyyətində Azərbaycanın gücü barədə təsəvvürlərin kifayət qədər formalaşmasına gətirib çıxarıb.

Azərbaycan dövləti bir neçə dəfə bəyan edib ki, ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, eyni zamanda tərəflərin imzaladıqları razılaşmalar çərçivəsində nəzərdə tutulan bütün məsələlərin həyata keçməsi üçün ardıcıl səylərini davam etdirəcək.

Bu istiqamətdə hər kəs üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Digər tərəfdən, hazırkı şəraitdə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının getdiyi bir şəraitdə müəyyən qüvvələr var ki, bu prosesi pozmağa çalışırlar.

Onlar aydın şəkildə başa düşürlər ki, prosesin pozulması tarixi Azərbaycan ərazilərinin də Azərbaycana qaytarılması ilə bağlı fikirlərin Ermənistan cəmiyyətində aktuallaşdırılması sayəsində mümkün ola bilər”.

Elnur Kəlbizadə vurğulayıb ki, ermənilər 19-cu əsrin əvvəllərindən etibarən tarixi Azərbaycan torpaqları olan İrəvan, Naxçıvan xanlığının ərazilərinə kütləvi şəkildə köçürülərək məskunlaşdırılıblar.

“Birinci Dünya müharibəsindən sonra yaranmış xaotik və qarışıq vəziyyətdə bir çox dövlətlərin də dəstəyi ilə Cənubi Qafqazda ilk erməni dövləti Azərbaycan əraziləri hesabına yaradılıb. Ermənistan Respublikasının bu ərazilərdə o zaman elan edilməsinə baxmayaraq, sovet və sovetləşmədən sonrakı dövrdə də uzun müddət bu ərazinin əhalisinin əhəmiyyətli bir hissəsini yerli aborigen azərbaycanlılar təşkil edib. Həmin azərbaycanlılar XX əsrin müxtəlif dövrlərində, xüsusən 1948-1953-cü illərdə, eləcə də 80-ci illərin sonlarında öz dədə-baba torpaqlarından didərgin salınıblar.

Təbii ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından söhbət gedirsə, Ermənistan dövləti Qərbi azərbaycanlıların hüquqlarını da bərpa edib, onlara dəymiş maddi və mənəvi ziyanı kompensasiya etməklə bərabər, təhlükəsizliyinə təminat verməlidir. Bunların hamısı beynəlxalq hüquq çərçivəsində reallaşa bilər. Azərbaycanlılar özlərinin tarixi torpaqları olan İrəvana, Göyçəyə, Zəngəzura qayıtmalıdırlar”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı