Yumurta ucuzlaşdı, bəs toyuq əti? - AÇIQLAMA

Bu ilin birinci rübündə Türkiyə, Azərbaycan və Belarus Rusiyaya 235 milyon ədəddən artıq ərzaq yumurtası tədarük edib. 2024-cü ilin birinci rübündə Azərbaycandan Rusiyaya 28,1 milyon, Türkiyədən 12,6 milyon, Belarusdan isə 194,8 milyon ədəd yumurta daxil olub.

Azərbaycan süfrə yumurtasının ilk partiyası 2023-cü il dekabrın 19-da “Yaraq-Kazmalyar” keçid məntəqəsi vasitəsilə Rusiyaya gətirilib. Türkiyədən ilk yumurta partiyası isə 2024-cü il yanvarın 3-də “Yaraq-Kazmalyar” keçid məntəqəsindən Rusiyaya daxil olub.

Son günlər ölkədə yumurtanın qiymətinin ucuzlaşması barədə yaranmış suallara cavab olaraq Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli Metbuat.az-a açıqlama verib. O bildirib ki, ölkədə 3 milyon daxili tələbat olsa da, istehsal 5 milyonun üzərindədir.

Mürvət Həsənli qeyd edib ki, Azərbaycanda yumurtaya olan daxili istehsal tələbatını 130 faiz qarşılamaq imkanı olsa da, bunu toyuq əti ilə bağlı demək çətindir:

“Bizim illik quş əti istehsalını 30 min ton artırmaq potensialımız var. Lakin reallaşdırılması üçün əlavə binaların tikilməsi mümkün olmur. Düşünürəm ki, 30 min tona yaxın əlavə ət istehsalı Azərbaycanı quş əti ilə tam təmin etməklə yanaşı, həmçinin ixraca da imkan yarada bilər".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı