​Müharibə və sülh arasında böhran həlletmə strategiyası olaraq məcburedici diplomatiya

“Hərbi güclə dəstəklənməyən diplomatiya alətsiz musiqiyə bənzəyir”

KralI Fridrix

Bir dövlət baxımından hər hansı bir xarici siyasət strategiyasını seçmiş olmaq o dövlətin milli maraqlarının tam şəkildə zəmanət altına alındığı anlamına gəlməməkdədir. Başqa sözlə, dövlətlər həm sülh dövlərində, həm də müharibə dövründə hansı xarici siyasət strategiyasını tətbiq etmələrindən asılı olmayaraq təməl milli maraqlarını qorumaq üçün xarici siyasətdə siyasi və iqtisadi potensialları ilə birgə hərbi potensialını da müəyyən bir səviyyənin üzərində saxlamaq, vacib olduqda onları birlikdə yaxud da ayrı-ayrı şəkildə aktivləşdirmək zərurəti ilə üz-üzə qala bilir. Çünki beynəlxalq münasibətlərin anarxik strukturu hər dövlətin öz varlığını davam etdirmək, milli maraqlarını qorumaq və beynəlxalq sistemdə öz yerini ala bilməsi üçün təhlükəsizlik və hərbi-siyasi güc axtarışlarına yönəlməsi nəticəsini doğurur. Beynəlxalq münasibətlərin təməl aktoru olan dövlət(lər) ən son məqamda “özbaşınalıq” içərisindədirlər.

Diplomatik və hərbi təməldə bir məcburetmə strategiyası olaraq XIX əsrdə “dənizçilik diplomatiyası”nın bir növü olaraq meydana çıxan məcburedici diplomatiya strategiyası XX əsrdə özünü göstərən dövlətlərarası böhranlarda tez-tez müraciət edilən bir xarici siyasət vasitəsinə, böhran idarəetmə strategiyasına çevrilib. Məcburedici diplomatiya ən bəsit ifadə ilə bir xarici siyasət vasitəsi olaraq hərbi gücdən istifadənin varlığına işarə edir. “Ümumi olaraq qəbul edildiyi kimi diplomatiya sadəcə sülh yollarına müraciət etməyi mi ehtiva edir yoxsa müəyyən qədər gücdən istifadə etmə diplomatiyanın üsullarından biri ola bilərmi? sualı üzərində düşündükdə məcburedici diplomatiyanın sülh ilə müharibə arasında “boz” bir zəmini təmsil etdiyi söylənilə bilər.

Dövlətlərin beynəlxalq siyasətdəki məqsədləri və mənfəətləri mövcudluqlarını və güclərini davam etdirməkdən ibarət deyil. Hbu məqsədlər və maraqlar çox çeşidli formalar ala bilməkdədir. Hər dövlət məqsədlərini və maraqlarını özünə müvafiq şəkildə, bir-birindən fərqli formada olan prioritet sırasına görə təsnif edərkən mütləq və ya məcburi xarakterdə olan və olmayan məqsədlər, maraqlar mövcuddur. Dövlətlərin mütləq və ya məcburi xarakterdə olmayan məqsədlərini və maraqlarını uzlaşdırmaq nisbətən asan olsa da, məcburi və ya zorakı olanları uzlaşdırmanın hər zaman asan olmamasına görə qarşılıqlı münasibətlərdə önəmli toqquşma nöqtələri meydana çıxa bilir. Hər bir dövlətin fərqli maraqları olduğu və beynəlxalq sistemin də rəqabət və güc mübarizəsinə çevrildiyi nəzərə alındıqda, toqquşan və ya rəqib maraqlar mövzusunda problemlərin ortaya çıxması qaçılmazdır.

Tarix boyu dövlətlər hərbi güc və qabiliyyətlərini sülh dövrlərində də müxtəlif xarici siyasət hədəflərinə istiqamətlənmiş vasitələr olaraq istifadə ediblər. Bu kontekstdə dövlətlərin aralarında meydana çıxan və böhran yaradan anlaşılmazlıqları diplomatik və ya digər sülh yolları ilə həll edə bilmədikləri zaman birbaşa və ya dolayı olaraq hərbi vasitələrlə gücdən istifadəyə müraciət etdikləri reallığı beynəlxalq münasibətlər tarixinin ən qədim fenomenlərindən biridir. Dövlətlərin birbaşa olaraq hərbi gücdən istifadəyə müraciət etməsi ümumi olaraq “savaş” anlayışı ilə ifadə edilsə də, hərbi gücdən istifadə təhdidi (dolayı gücdən istifadə) ya da məhdud\demonstrativ hərbi gücdən istifadələri ümumi olaraq “məcburedici diplomatiya\təhdid diplomatiyası” anlayışları ilə ifadə edilir. Bu kontekstdə hərbi gücün siyasi funksiyalarını “müdafiə”, “çəkindirmə”, “məcburetmə” və “güc nümayişi” olaraq kateqorizasiya etmək mümkündür. “Müdafiə” funksiyası bir hücumun dəf edilməsi və\və ya o hücumdan doğa biləcək zərərləri minimuma endirə biləcək formada hərbi qüvvənin düzənlənməsini və ondan istifadəni ehtiva edir. “Çəkindirmə” funksiyası rəqib dövlətin müəyyən bir addımdan çəkinməsini təmin etmək üzrə hər bir gücün nizamlanması və istifadəsini ehtiva edir. Bunların əksinə, “məcburetmə” strategiyası rəqib dövlətin başlatmış olduğu bir aktın dayandırılmasını, geri addım atmasını və ya müəyyən davranışa yönəldilməsini təmin etmək üçün gücdən istifadəni ehtiva edərkən, “güc nümayişi” funksiyasında hərbi güc demonstrativ xarakterdəki müxtəlif hərbi fəaliyyətlər ilə (hərbi təlimlər, paradlar və s.) digər dövlətlərin nəzərində prestijin artırılması üçün hərbi gücdən istifadə edilir.

Dövlətlərin xarici siyasətlərindəki hərbi gücdən istifadəyə əsaslanan strategiyaların kökləri çox qədimlərə getsə də, modern beynəlxalq münasibətlər ədəbiyyatında hıərbi gücdən istifadəyə əsaslanan məcburetmə strategiyalarının sistematik formada öyrənilməsi nisbətən yenidir. Soyuq Müharibə illərində ABŞ və SSRİ arasındakı nüvə gücü tarazılığı total savaş riskini aşkar bir formada hiss etdirdikdə hərbi gücdən istifadə təhdidindən faydalanılaraq rəqibin geri addım atmağa vadar edilib-edilməyəcəyi ilə bağlı strategiyalar yenidən müzakirə edilməyə başlandı. Bu kontekstdə, məcburetmə strategiyasını beynəlxalq münasibətlərin gündəminə daşıyan Tomas Şellinq 1966-cı ildə nəşr olunan “Arms and Influence” adlı əsərində gücdən istifadəyə əsaslanan strategiyaları analiz edib.

Beynəlxalq siyasi ədəbiyyatda gücdən istifadə təhdidlərinə əsaslanan məcburetmə strategiyaları bir-birinə paralel iki fərqli fenomen olaraq təhlil edilir. Bunlardan birincisi rəqdib dövlətin hələ başlanmamış aktının ilk mərhələdə qarşısının alınmasını hədəfləyən çəkindirmə\çəkindiricilik anlayışına uyğun gəlir. Aleksander Corcun təsnifatına əsasən, məcburedici diplomatiyanın ümumi olaraq iki fərqli istifadəsindən bəsh edilə bilər: aqressiv xarakterdəki məcburedici diplomatiya (şantaj strategiyası) və müdafiəyə əsaslanan məcburedici diplomatiya.Şantaj strategiyası olaraq da adıandırılan “aqressiv səciyyəli diplomatiya”da məcburedici təhdidlərdən aqressiv şəkildə istifadə olunaraq rəqib dövlətin hər hansı müqavimət göstərmədən dəyər verdiyi bir şeydən vaz keçməsinin təmin edilməsinə çalışılır. Müdafiə xarakterli məcburedici diplomatiyada isə məcburedici təhdidlər özünümüdafiə məqsədilə istifadə olunur və mövcud status-kvonu pozmağa çalışan rəqib dövlətin fəaliyyətini dayandırmasına və bu aktdan geri çəkilməsinə səy göstərilir.

Məcburedici diplomatiyanın (coercive diplomacy) ilkin meydana çıxışı “dənizçilik diplomatiyası”nın bir növü olması ilə bağlıdır. Başqa sözlə, beynəlxalq münasibətlər ədəbiyyatında qeyd olunan anlayışın ilk halı “Gunboat Diplomacy” ilə ekvivalentdir. Bu perspektivdən, qeyd olunan anlayışın XIX əsr ingilis imperial siyasəti ilə sıx bağlılığı var. İngiltərənin ümumi dənizçilik strategiyası donanmasının mühüm hissəsini öz ana sualarında saxlamaq və cəzalandırıcı bir müdaxiləni reallaşdırmaq üçün müəyyən bir bölgəyə müntəzəm olaraq bir flota görmək üzərində qurulmuşdu. Burada ümumi məqsəd potensial bir böhranı təsirsizləşdirmək və hücumun bir daha təkrarlanmasının qarşısını almaq üçün zəruri olduqda sürətli, məhdud bir müdaxiləyə başlaya bilmək idi. Həmin dövrdə savaş gəmiləri imperial siyastləri dəstəkləmək və potensial əngəlləri çəkindirmək üçün tez-tez güc simvolları olaraq istifadə edilirdi. Tarixən bu formada ortaya çıxan “məcburedici diplomatiya” XX əsrdə özünü göstərən dövlətlərarası böhranlarda da görüldüyü kimi passiv bir güc nümayişindən aktiv və məhdud bir gücdən istifadəyə qədər uzanan bir perspektivi ehtiva etməkdədir.

Dövlətlər xarici siyasət hədəflərinənail olmaq üçün müxtəlif təzyiq üsullarına ehtiyac duyurlar. Bu təzyiqin uğuru da böyük ölçüdə onun arxasında dayanan dövlətin sahib olduğu real güc ilə düz mütənasibdir. Dövlətlər gücdən açıqca istifadə etməsələr belə, sahib olduqları güc mənbələri və onların böyüklüyü beynəlxalq siyasətdə önəm daşımaqdadır.

Prusiyya kralı I Fridrix hərbi güclə dəstəklənməyən diplomatiyanın alətsiz bir musiqiyə bənzədiyini ifadə edərək hərbi güc ilə diplomatiya arasındakı əlaqəyə vurğu edirdi. Diplomatiya təbiəti etibarilə hər nə qədər sivil bir proses olsa da, bir dövlətin sahib olduğu hərbi güc onun xarici siyasəti və diplomatiyasında əsas rezerv mövqeyindədir. Prussiya generalı Karl fon Klausvitz də “müharibə siyasətin başqa vasitələrlə davam etdirilməsidir” deməklə məqsədi reallaşdırmaq üçün hər bir vasitə yoxlanıldıqdan sonra alternativ qalmayıbsa hərbi gücə müraciət edilə biləcəyini ifadə edirdi. Klausvitz diplomatiyanı mütləq olaraq sivil bir domenə endirən baxışların əskinə olaraq, müharibəni də diplomatiyanın tətbiq edildiyi üsul olaraq dəyərləndirirdi.

Məcburedici diplomatiya anlayışını beynəlxalq siyasi ədəbiyyata qazandıran A.Corc bu məfhumun məntiqini blə açıqlayır: “Məcburedici diplomatiyanın ümumi baxışı istəyi yerinə gətirmədiyi üçün (gətirmədiyi təqdirdə) rəqibin cəzalandırılacağı təhdidinə əsaslanır. Bu xarakteri ilə məcburedici diplomatiya rəqibi özündən istəniləni yerinə yetirməyə vadar edəcək dərəcədə inandırıcı və təsiredici dəstək funksiyası rolunda çıxış edir. Məcburedici diplomatiyanın əsaslandığı abstrakt hipotezisə görə, qarşı tərəf tam bir rasionallıq, hər növ informasiya axınını əldə edə biləcək potensial ilə təhdidi doğru dəyərləndirə və qərar almaqla ondan istəniləni yerinə yetirə bilər. Lakin A.Corca görə, bu hipotezis qarşı tərəfin yanlış qavrama və ya dəyərləndirmə ehtimalını, rasionallığının fərqli dəyər, kültür və psixoloji dəyişkənlərdən təsirlənə biləcəyini nəzərə almır. Bu anlamda, məcburedici diplomatiyada qeyd olunan xüsuslara diqqət yetirilməsi olduqca önəmlidir.

Məcburedici diplomatiya strategiyası hərbidən daha çox, diplomatik strategiyadır və bu aspekti ilə hərbi gücdən istifadə halında vurulacaq zərərin böyüklüyü sadəcə qavrayış səviyyəsində rəqibə göstərilməyə çalışılaraq onun tələb edilən istəyi yerinə yetirməsinə cəhd göstərilir. Vacib olduqda, hərbi üsullardan sadəcə məhdud bir formada faydalanılır. 1994-cü ildə “Uphold Democracy” adlı kiçikmiqyaslı əməliyyat ilə Haiti ordusunu iqtidardan əl çəkməyə məcbur etməsi ABŞ-nin tətbiq etdiyi zorakı diplomatiyanın bir modeli olaraq görülür.

Məcburedici diplomatiya xarici siyasət strategiyalarının xərcləri baxımından ən uyğun bir variant olaraq dəyərləndirilə bilər. Çünki hər hansı bir böhranın ənənəvi hərbi üsullarla həll etmək cəhdi ortaya çıxaracağı hərbi, siyasi, iqtisadi və sosietal maliyyətin nə dərəcədə yüksək və genişmiqyaslı olacağı bugünkü silah texnologiyası nəzərə alındığında ortadadır.

Məcburedici diplomatiyanın strategiyaları dörd təməl qrupda toplanıla bilər. Bu strategiyaların seçimi dövlətin güc qabiliyyətinə, böhranın durumuna, legitimləşdirmə vasitələrinə və beynəlxalq dəstəyə bağlı olaraq dəyişməkdədir. Qeyd olunan strategiyalar belə sıralana bilər:

1. Ultimatum

2. Qapalı ultimatum

3. “Yoxla və gör”

4. Təzyiqi mərhələli artırma

Ultimatum məcburedici dövlətin hədəf dövlət üzərində tətbiq etdiyi ən kəskin gücdən istifadə təhdididir. Klassik bir ultimatumun üç komponenti var: 1. Hədəf dövlətin yerinə yetirməli olacağı bir istək. 2. İstəyin qarşılanması üçün zəruri olan dəqiq zaman və ya təcililik duyğusu. 3. İstəyin qarşılanmaması halında məruz qalınacaq cəzanın\itkinin yüksək olacağına dair cəzalandırma təhdidi və bunun inandırıcılığı. Ultimatumun verilməsinin ardından ümumi olaraq tərəflər arasında diplomatik münasibətlərin kəsilməsi və getdikcə toqquşma vəziyyətinin meydana çıxması mərhələləri gəlir. Ultimatumun qərarlılığın ən yüksək səviyyədə ifadə edildiyi və hər an total savaşa səbəb ola biləcək eskalasiyaya hazırlıq olduğunu ifadə edən bir xarakteri var. Əgər rəqib dövlət bu qərarlılığı inandırıcı hesab etmir və eskalasiyanı gözə alırsa, verilən zaman müddətinin sonunda hərbi gücdən istifadə və total savaş qaçılmaz olur.

Qapalı ultimatum”da da istəyin qərarlılığı çox yüksək səviyyədə ifadə olunsa da, hədəf dövlətdən istəyi yerinə yetirməsi üçün öncədən müəyyən olunan bir zamana görə hərəkət etməsini bir şərt olaraq irəli sürmür. Başqa bir sözlə, hədəf dövlət istəyin yerinə yetirilməsində ultimatuma nəzərən daha geniş zamana sahibdir. Bunun bərabər, istəyin qarşılanması ilə bağlı olaraq yaradılmaq istənilən məcburiyyət duyğusunu digər aktlarla təmin etməyə cəhd göstərilir. Oxşar şəkildə, istəyin yerinə yetirilməməsi halında tətbiq ediləcək cəzalandırma tədbirləri hərbi hazırlıqların artırılması kimi fəaliyyətlər ilə də dəstəklənilir.

“Yoxla və gör” (try – and – see) strategiyası qapalı ultimatumda olduğu kimi istəyin açıq bir şəkildə ifadə edildiyi və yerinə yetirilməsi üçün bir zaman müddətinin müəyyən edilmədiyi, lakin istəyin qarşılanması üçün bir təcililik duyğusunun yaradılmadığı bir strategiyadır. Bununla yanaşı, “yoxla və gör”də məhdud bir məcburetmə təhdidi edilir və müəyyən fəaliyyətlərə başlanılır.

Təzyiqi mərhələli artırma (gradual turning of the screw) strategiyasında ultimatumdakı tələbin icra edilməsi üçün təcililik və zaman məhdudluğu ilə birgə yerinə yetirilməməsi halında tətbiq olunacaq məcburedici addımlar ilə bağlı xəbərdarlıqlar yer alır. Hədəf dövlət edilən tələbi yerinə yetirmədikdə məcburedici dövlətin qərarlılığını və inandırıcılığını pərçimləyəcək hərbi tədbirlər ilə təzyiqin şiddətini mərhələli olaraq artırmağa davam edilir. Təzyiqi mərhələli artırma güclü bir üsul olsa da, qərarvericilər onu tətbiqetmədə çətinlik yaşaya bilər. Bu anlamda, təzyiq artdıqca cəzalandırma təhdidləri də artmalıdır. Cəza təhdidlərində dəyişiklik hədəf dövlət tərəfindən zəiflik olaraq qavranıla bilər.

Praktikada məcburedici diplomatiyanın tətbiq edildiyi böhranlarda tələb irəli sürən dövlət bu strategiyalar arasında keçidlər edə bilər. Böhranın gedişatına, hədəfin xüsusiyyətinə, güc qabiliyyətlərinə və digər potensial faktorlara bağlı olaraq məcburedici dövlət istəyini əldə edə biləcəyini düşündüyü strategiyaların tətbiqini əsas olaraq seçər.

Xarici siyasətdə dövlətlər rəqiblərinin davranışını təhdid və ya məhdud gücdən istifadə edərək dəyişdirməyə çalışarkən uğurlu nəticələr əldə edə bilmələri hər zaman mümkün olmaya bilir. Bu kontekstdə, məcburedici diplomatiyanın tətbiq edildiyi xarici siyasət böhranlarında uğurlu nəticə əldə etmənin zəruri şərtləri kimi aşağıdakı nüanslar önə çıxır:

1. Hədəf dövlətə yönəldilən təhdid özündən tələb ediləni yerinə yetirmədiyi təqdirdə bunun bədəlinin çox ağır olacağına inandıracaq potensialda olmalıdır.

2. Məcburedici dövlət hədəf dövləti tələbini yerinə yetirmədiği təqdirdə etdiyi təhdidi icra etmə qərarlılığında, əzmində və qabiliyyətində olduğuna əmin etməlidir.

3. Hədəf dövlətə özündən tələb ediləni reallaşdıra biləcək zaman verilməlidir

4. Məcburedici dövlət hədəf dövlətin özündən istənilənin gələcəkdə daha çox istəyə yol açmayacağı ilə bağlı inandırmalıdır.

Aleksander Corc və Villiam Simons isə məcburedici diplomatiya strategiyasının tətbiqinə təsir edən 14 faktordan bəhs edirlər. Bunların beşi kontekstual faktorlardır: qlobal strateji çevrə, provokasiya tipi, müharibənin forması, təktərəfli və ya ortaq məcburedici diplomatiya və düşəmin təcrid edilməsi daxildir. Bu faktorlarınnəzərə alınması ilə hazırlanan bir məcburedici diplomatiya strategiyasının uğurlu nəticə əldə edə bilməsini təmin edəcək digər faktorlara isə - məqsədin aydınlığı, motivasiyanın güclü olması, motivasiyanın asimmetriyası, təcililik və məcburilik duyğusu, gücıü liderlik, beynəlxalq dəstək, milli dəstək, rəqibin qəbul edilmə bilməz eskalasiya qorxusu, böhranın həlli ilə bağlı şərtlədə aydınlıq – daxildir.

Məcburedici diplomatiya gücdən istifadə mövzusunda 3 mərhələni önə sürür. Birinci mərhələ gücdən istifadə təhdidləri, ikinci mərhələ demonstrativ-gücdən istifadə, üçüncü mərhələ isə tam hərbi gücdən istifadə və ya müharibədir. Robert Art-a görə məcburedici diplomatiya bu mərhələlərdən sadəcə ilk ikisini ehtiva etməkdədir. Məcburedici diplomatiya strategiyasında gücdən istifadəyə müraciət ediləcəksə, qarşı tərəfə lazım olduqda daha çox gücdən istifadə edilə biləcəyini göstərən məhdud gücdən istifadə strategiyası izlənilir. Bu strategiya da bir anlamda, sövdələşmə vasitəsi funksiyasını icra edir. Burada məqsəd tələbə qarşı gəlmənin bədəlini artırmaqdır. Peter Viqqo Yakobsenə görə, məhdud gücdən istifadənin tam və birbaşa gücdən istifadəyə çevrilməsi məcburedici diplomatiya strategiyasının uğursuz olduğu anlamına gəlir. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumu və iki dövlət arasında bu günə qədər davam edən total savaşın başlanması bu kontekstdə mühüm bir örnəkdir.

R.Artı dəstəkləyən oxşar bir yanaşma da A.Corc tərəfindən ifadə edilir. Corca görə, məcburedici diplomatiya strategiyasında gücdən istifadə ediləcəksə, o, hədəf dövlətin geri addım atmasını təmin edəcək formada ibrətverici, məhdud bir xarakterdə olmalıdır. Bəzən nisbi olaraq kiçik bir ibrətverici gücdən istifadə belə arzulanan təsiri yarada bilər. Bununla belə, məcburedici diplomatiya strategiyası hər zaman ibrətverici aktları zəruriləşdirməz. Böhranlar belə bir gücdən istifadə olmadan həll edilə bildiyi kimi, məcburedici diplomatiya strategiyası ibrətverici gücdən istifadə olmadan total hərbi əməliyyatlar üçün də fəda edilə bilər.

Bu anlamda, bir ölkə və ya ölkələr blokunun həqiqi bir beynəlxalq agenda yürüdəcək iqtisadi-siyasi ağırlığının (və ya iradəsinin) olmadığı –amorf, G-Zero dünyasında İkinci Qarabağ müharibəsində qazandığı zəfərin üstünlüyü ilə diplomatik meydanda da regional güc balansını əsas alan, hər hansı supergüc və ya dövlətlər blokunun çıxarlarına tabe olmadan öz milli-suveren maraqları uğrunda vuruşan müstəqil geosiyasi və geoiqtisadi subyektə çevrilən Azərbaycanın Cənubi Qafqaz regionunda qalıcı və ədalətli sülhün təmini üçün Ermənistana qarşı zəruri olduqda məcburedici diplomatiyanın bütün təsir imkanlarından istifadə etməsi və bu hədəfin təməl parçası olaraq da hərbi gücünü üstün səviyyədə saxlaması essensial əhəmiyyət kəsb edir.

Sübhan Padarsoy

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

İstinadlar:

1. Robert J. Art, “The Fungibility of Force”, The Use of Force: Military Power and International Politics, 6th ed., Robert J. Art, Kenneth N. Waltz (ed.), Rowman & Littlefield Publishers, Inc., Lanham, 2004, pp. 3-22.

2. Thomas C. Schelling, Arms and Influence, Yale University Press, New Haven, 1966.

3. Maria Sperandei, “Bridging Deterrence and Compellence: An Alternative Approach to the Study of Coercive Diplomacy”, International Studies Review, Vol 8, No: 2 (June 2006), pp. 253-280

4. Alexander L. George, “Coercive Diplomacy: Definition and Characteristics”, The Limits of Coercive Diplomacy, 2nd ed., Alexander L. George, William E. Simons (ed.), Westview Press, Boulder, 1994

5. Michael G. Roskin ve Nicholas O. Berry, The New World of International Relations, 4th ed., Prentice Hall, New Jersey, 1999, p. 349

6. A.George, Forceful Persuasion: Coercive Diplomacy as an Alternative to War, p. 7; Paul Gordon Lauren, “Ultimata and Coercive Diplomacy”, International Studies Quarterly, Vol. 16, No: 2 (June 1972), p. 138; George, “Coercive Diplomacy”

7. Peter Viggo Jakobsen, Western Use of Coercive Diplomacy After the Cold War: A Challenge for Theory and Pratice, St. Martin’s Press, New York, 1998

8. Clausewitz, Carl von. On War. Ed. and Trans. Michael Howard and Peter Paret. Princeton: Princeton University Press, 1984.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı