Azərbaycanda quş qripi ilə bağlı monitorinqlərin nəticələri açıqlandı

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu il aprelin 15-19-da keçirilən tədbir epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq sahələrini və dənizsahili zonaları əhatə edib.

Həmin ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 59 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb.

Monitorinq çərçivəsində Bakı şəhəri və Abşeron, Bərdə, Siyəzən, Xaçmaz, Şabran, Lənkəran, Lerik, Cəlilabad, Beyləqan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarındakı 19 sənaye əsaslı quşçuluq müəssisəsindən 190 baş, habelə Bakı şəhəri, Abşeron, Xızı, Ağcabədi, Şabran, Xaçmaz, Masallı, Lənkəran, Salyan və Biləsuvar rayonlarına aid ümumilikdə 180 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 540 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Monitorinq zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr “Nyukasl” xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.

Əlavə olaraq, monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da epizootoloji müşahidələr aparılıb ki, həmin xəstəliklərə görə klinik xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı