"Paşinyana müxalif qüvvələr də Azərbaycanla razılığa gəlməlidir" - ŞƏRH

Ermənistanda bir müddətdir “Vətən naminə Tavuş” hərəkatının tərəfdarlarının yürüşü davam edir.

Mayın 14-də səhər saatlarından Ermənistanın paytaxtında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi itaətsizlik aksiyaları başlayıb. Məlumata görə, 38 aksiya iştirakçısı İrəvanın müxtəlif polis idarələrinə aparılıb.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyanın “kilsə üsyanı”nın Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünə mane olduğu aşkar olsa da, hərəkatın arxasında konkret başqa xarici qüvvənin dayandığı da düşündürən məsələlərdəndir.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən siyasətçi Akif Nağı bildirib ki, hakimiyyət uğrunda gedən bu mübarizədə Ermənistanın maraqları ortada yoxdur:


“Kilsə istəyir ki, Ermənistanda hakimiyyət onun nəzarətində olsun. Özü iştirak etməsə də, hakimiyyət onunla hesablaşsın. Burada həm də xaricdə maraqlı olan qüvvələr var. Onlar bilirlər ki, kilsə Ermənistan cəmiyyətində ciddi rol oynayır. 100 illərdir erməniləri ayaq üstə saxlayan kilsə olub və onun kifayət qədər də maliyyə imkanları var. Onlar istənilən yerdə, istənilən qərarı qəbul edib həyata keçirə bilirlər. Kilsə ilə üz-üzə dayanan digər güc hakimiyyətdə olan baş nazir Nikol Paşinyanın komandasıdır. Paşinyan hakimiyyətdən getmək istəmir, öz aləmində yeni bir Ermənistan qurmaq barədə düşünürlər. Yeni Ermənistanda Azərbaycan və Türkiyə ilə razılaşdırılmış şəkildə qurmağın vacibliyini başa düşürlər. Yəni onların müsbət tərəfi bundan ibarətdir. Hazırda müsbət xətt Paşinyan tərəfindədir. Ənənəvi və ermənilər həmişə bədbəxtçiliyə düçar edən xətt isə kilsənin tərəfindədir.

Hazırda bu baş verənlər fonunda kilsənin yoxsa Paşinyanın qalib gələcəyini demək çətin olsa da, qüvvələr bərabərdir. Kilsənin ideoloji resursu olsa da, Paşinyan hakimiyyətinin daha çox gücü, resursu var. Hesab edirəm ki, bəlkə də Paşinyan bu aksiyalar nəticəsində ölkədəki əsas rəqiblərini sıradan çıxartmaq məqsədi güdür. Kilsənin ideoloji deyil, siyasi hakimiyyət üçün mesajlar verməsi ittiham kimi səslənir. Bu da cəmiyyətdə kilsə haqqında ənənəvi fikri dəyişdirə bilər”.

Aksiyalar nəticəsində Paşinyanın Koçaryan və Sarkisyan cütlüyündən tamamilə xilas olmaq imkanı qazanacağını qeyd edən siyasətçi deyib ki, bundan sonra sülh müqaviləsi imzalanacaq:

“Paşinyan tez-tez açıqlamalarında da qeyd edir ki, Azərbaycana və Türkiyəyə sıfır düşmənçilik səviyyəsində münasibət göstərmək lazımdır. Çünki o başa düşür ki, Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərdən asılıdır. Paşinyan böyük ehtimalla da bu xətt üzrə gedəcəkdir. Burada Rusiyanın, Qərbin, Amerikanın, Fransanın öz maraqları var. Amma hər halda onlar da məcburdurlar ki, Paşinyanın həyata keçirdiyi xəttlə barışsınlar.

Rusiya da öz adamını ora gətirməkdənsə Paşinyanı öz adamına çevirməyə çalışır. Qərb də Paşinyanı gətirdi, amma onun əli ilə istədiyi ciddi nəticələrə nail ola bilmədi. Çünki 100 faizli Qərbin nəzarəti altında olan şəxsin də ölkəni idarə etməsi qeyri-mümkündür. Qərb də bununla hesablaşır. Düşünürəm ki, böyük ehtimalla hadisələr bu istiqamətdə davam edəcək”.

Millət vəkili Aydın Mirzəzadə isə düşünür ki, sülhə gedən yolda Azərbaycan öz və dövlətçiliyi qorumaq üçün lazımı addımlar atacaq:

“Səfirin getməsi Fransanın ölkədən çıxması sayıla bilərdi” -

“Ermənistanın bir hissəsi hələ də özünün qurduğu fantastik “Böyük Ermənistan” yuxusundan ayıla bilməyib. Onlara elə gəlir ki, hansısa böyük bir qüvvə Ermənistanın yerinə Azərbaycana təzyiq edəcək, Azərbaycan torpaqlarını Ermənistana verəcək və yenidən köhnə xülya ilə yaşayacaqlar. Amma zaman artıq dəyişib, yeni reallıq yaranıb.

Bu gün heç bir dövlət Ermənistanın yerinə, çirkin niyyətləri ilə məşğul olmaq, ona dəstək vermək fikrində deyil. Fransa və Hindistanın etdikləri isə sadəcə olaraq Ermənistanın müdafiə qabiliyyətinə müəyyən qədər köməkdən başqa bir şey deyil. Ümumiyyətlə, son günlər İrəvanda davam edən aksiyaların sülh müqaviləsinin bağlanmasına ciddi təsir edəcəyini düşünmürəm”.

Millət vəkili qeyd edib ki, hətta Nikol Paşinyana müxalif olan qüvvələr hakimiyyətə gəlsələr belə, onlar mütləq Azərbaycanla razılığa gəlməlidirlər:

“Onlar Azərbaycanla kommunikasiyaları bərpa etməyi, Azərbaycan qazının Ermənistana verilməsini xahiş etməli olacaqlar. Hakimiyyətdə olanlar kimliyindən asılı olmadan Ermənistan qarşısında duran problemləri mütləq həll etməlidir. Azərbaycan isə sülh müqaviləsində qoyduğu şərt milli maraqlarının qorunması, ərazi bütövlüyünün təmin edilməsi və Ermənistan tərəfindən buna qarşı hər hansı bir təhdidlərin olmaması öhdəliyinin götürülməsi ilə bağlıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı