Milan, 6 iyun, AZƏRTAC
Mayın 1-dən Milanda açılan “Expo 2015” Ümumdünya sərgisi hər zaman olduğu kimi, bu dəfə də bütün dünyanın diqqətini özünə cəlb edib. “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən sərgini dünyanın müxtəlif ölkələrindən ziyarət edənlərin xüsusi maraq göstərdikləri pavilyonlar sırasında Azərbaycanın milli pavilyonu da var.
Azərbaycan pavilyonu cazibədarlığı, arxitekturası, müasirliyi, interaktivliyi ilə digər pavilyonları qabaqlayır. Milli pavilyonumuz “Milan Expo 2015”in fəaliyyətə başladığı qısa müddət ərzində buraya gələn ziyarətçilərin axınına səbəb olub. Bunu yerli mətbuatın keçirdiyi sorğular da təsdiqləyir. İtaliya mətbuatının may ayında keçirdiyi “ən yaxşı milli pavilyonu” sorğusu üzrə Azərbaycan pavilyonu 54 milli pavilyon arasında ikinci yerdə qərarlaşıb. Birinci yer İtaliya pavilyonuna verilib. Deməli, xarici ölkələrin pavilyonları arasında Azərbaycan pavilyonu birinci yerdədir.
Dünyanın 145 ölkəsinin qatıldığı “Milan Expo 2015” sərgisinə maraq həddindən artıq böyükdür. Sərgi hələ açılmamışdan əvvəl 11 milyondan çox bilet satılmışdı. Bu da bir daha bu sərginin Azərbaycanın təbliği, ölkəmizə turistlərin diqqətinin cəlb olunması baxımından əlverişli bir məkan olduğunu təsdiqləyir.
Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə hazırlanmış Azərbaycan milli pavilyonunda işlər ən yüksək səviyyədə görülüb. Təsadüfü deyil ki, artıq 1 ay ərzində milli pavilyonumuzu bir milyona yaxın insan ziyarət edib.
“Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli, 1800 kvadratmetr ərazidə təşkil olunan milli pavilyonumuzun təməli 2014-cü ilin iyulunda qoyulub. Bu layihənin hazırlanması üçün 300 nəfərə yaxın yerli və xarici mütəxəssisin cəlb olunduğu işçi qrupu yaradılıb. Pavilyonda işlər may ayının 1-dək tam başa çatdırılıb. “Milan Expo 2015” sərgisinin Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan sərginin hazırlıq və qurulma prosesində ilkin mərhələdə iştirakçı ölkələr qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələr sırasındadır. Milli pavilyonumuz ərazisinin böyüklüyünə və kontentinə görə fərqləndiyi kimi, Azərbaycan burada tikinti işlərinin gedişatı üzrə də liderliyi saxlayan ölkədir.
Milli pavilyonumuzda sərginin mövzusu nəzərə alınmaqla bərabər, Azərbaycanın həyatının müxtəlif sahələri - mədəniyyəti, tarixi, coğrafi üstünlükləri də nümayiş olunur. Azərbaycan pavilyonunun əsas özəlliyini 3 biosfer təşkil edir ki, bu da ziyarətçilərdə xüsusi maraq yaradır.
“Səslər simfoniyası”
Azərbaycan pavilyonunun birinci mərtəbəsi belə adlanır. Bu mərtəbədə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası barədə məlumatlar təqdim olunur. Pavilyonun girişində Azərbaycan milli musiqi alətlərinin maketləri nümayiş etdirilir. Həmçinin pavilyonda təqdim olunan 3 biosferin ilk qatı da məhz bu mərtəbədədir. Bu biosferdə ziyarətçilər maraqlarına uyğun olaraq ölkəmizin siyasi, coğrafi, iqtisadi, iqlim xəritələri ilə tanış ola bilirlər. Bundan əlavə, burada quraşdırılmış dörd elektron tabloda dünyanın müxtəlif şəhərləri ilə Bakı arasındakı məsafələr nümayiş olunur. Həmçinin bu biosferdə ziyarətçilərə ölkəmiz haqqında digər zəruri məlumatlar da təqdim edilir.
“Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonu iştirakçı ölkələr arasında yeniliyə imza ataraq Bakı ilə birbaşa əlaqə yaradır. Milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb. Eynilə belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da yerləşdirilib. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədədir. Pavilyonla tanış olanlar monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görür, buradakı insanlarla əlaqə saxlayırlar. “Mirroring Baku” adlı bu layihə Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan paytaxtı ilə sərginin minlərlə iştirakçısı arasında əlaqə yaradır.
“Rənglər simfoniyası”
“Rənglər simfoniyası” adlanan ikinci mərtəbədə müxtəlif rənglərdə yaradılmış bağçalarda ölkəmizin gözəl iqlimi, gözoxşayan landşaftı və bioloji müxtəlifliyi haqqında məlumatlar interaktiv üsulla təqdim olunur ki, bu da ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Eyni zamanda, ziyarətçilər burada xüsusi monitorlar vasitəsilə italyan və ingilis dillərində Azərbaycanın tarixi və arxitektur abidələri, müxtəlif istiqamətlərdə - idman, mədəniyyət, səhiyyə, iqtisadiyyat, təhsil, turizm sahələrində qazandığı uğurlar, ölkəmizin iştirakı ilə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr haqqında həm görüntülü, həm də səsli məlumatlar alırlar.
Bu mərtəbədə yerləşən “Azərbaycan simaları” adlanan ikinci biosferin ilk qatında isə ziyarətçilər müxtəlif peşə sahiblərinin simasında Azərbaycan insanı ilə tanış olurlar.
“Dadlar simfoniyası”
Üçüncü mərtəbə isə belə adlanır. Burada milli mətbəx və orqanik təbii qida məhsulları barədə məlumat və nümunələr təqdim edilir. Bu guşə sanki Azərbaycan bazarını xatırladır. Burada ziyarətçilər onları maraqlandıran qida məhsulları, xörəklərin hazırlanması qaydaları barədə interaktiv üsulla istədikləri məlumatı ala bilərlər. Bundan əlavə, burada xalqımıza məxsus müxtəlif adət-ənənələr haqqında məlumat əldə etmək mümkündür.
Eyni zamanda, bu mərtəbədə ziyarətçilərə ölkəmizlə bağlı müxtəlif interaktiv oyunlar təqdim edilir. Qeyd edək ki, pavilyonumuza gələn ziyarətçilər qeydiyyatdan keçdikdən sonra bu oyunlara qatılmaqla ölkəmizə səfər etmək imkanı əldə edə bilərlər.
Bu mərtəbədə yerləşən ikinci biosferin üst qatında isə bioloji müxtəlifliyi əks etdirən 3D filmlər nümayiş olunur. Həmçinin burada yaradılmış “Bakını kəşf et” adlı üçüncü biosferin alt qatında isə ziyarətçilər Bakını interkativ olaraq havadan helikopter, dənizdən katerlə və yaxud ayaqla gəzmək imkanı əldə edirlər. Burada nümayiş etdirilən videolar vasitəsilə insanlar bir dəqiqəyə yaxın vaxt ərzində paytaxtımızla tanış olurlar.
Milli pavilyonumuzun dördüncü mərtəbəsində isə restoran yerləşir. Gün ərzində burada ziyarətçilər həm milli mətbəximizin nümunələrindən dadır, həm də müxtəlif musiqilərdən zövq alırlar. Burada rəsmi qəbulların, müxtəlif təqdimatların da keçirilməsi nəzərdə tutulur. Bu mərtəbədə, həmçinin üçüncü biosferin üst qatı yerləşir ki, burada Azərbaycanın tolerantlığını, musiqisini əks etdirən eksponatlar nümayiş olunur.
Pavilyonun ərazisində, həmçinin IDEA Biomüxtəliflilik Parkı var. Ərazisi 400 kvadratmetr olan parkda Azərbaycanda IDEA tərəfindən həyata keçirilən ekoloji layihələr, flora və faunanın, nəsli kəsilməkdə olan heyvanların qorunması üzrə tədbirlər barədə məlumat verilir. Burada müxtəlif ekoloji tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Ekoloji layihələrə diqqəti yönəltmək məqsədi parkda nəsli kəsilməkdə olan ceyran növləri modern-art üslubunda təqdim olunur. Həmçinin parkda quraşdırılmış böyük monitorlar vasitəsilə birinci Avropa Oyunlarının nümayişi nəzərdə tutulub.
Milli pavilyonun arxitektoru Rikardo Ciqolotti jurnalistlərə müsahibəsində bildirib ki, layihəni hazırlayarkən əsas məqsəd Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurları, malik olduğu potensialı, ölkənin tarixini, mədəniyyətini təqdim etmək idi.
Rikardo Ciqolotti deyib: “Sevindirici haldır ki, bu pavilyon ziyarətçilər tərəfindən maraqla qarşılanır. Təkcə italyanlar deyil, dünyanın müxtəlif bölgələrindən gələn insanlar pavilyona böyük maraq göstərir, hər bir xırda detala diqqət yetirirlər. Təsadüfi deyil ki, bu pavilyon “Milan Expo 2015”in mirvarisi adlandırılır. Pavilyonun üstünlüklərindən biri də onun rahat şəkildə sökülə bilməsidir. Sərgi bitdikdən sonra pavilyon Bakının gözəl guşələrindən birində yenidən quraşdırılacaq”.
Azərbaycanın ecazkar təbiətə, zəngin mədəniyyətə malik olduğunu bildirən R.Ciqolotti layihəni hazırlayarkən ölkəmizə səfərləri zamanı bu elementlərə xüsusi fikir verdiyini söyləyib. “İşçi qrupu Azərbaycanda çəkilişlər apararkən, həmçinin ölkədə gələcəyə doğru atılan addımların, həyata keçirilən beynəlxalq layihələrin də şahidi olduq və bunları da öz işimizdə nəzərə aldıq”, - deyə arxitektor əlavə edib.
Milli pavilyonumuzun kontent meneceri Çeleste Sercianno Azərbaycanın mətbəxinin, musiqisinin, tarixinin, təbiətinin elementlərinin burada əks olunduğunu vurğulayıb. O, Azərbaycan milli mətbəxinin təamlarının çox dadlı olduğunu da söyləyib. Menecer Azərbaycandan olan işçi qrupu ilə birlikdə belə bir uğurlu layihəni hazırlamaqdan qürur duyduğunu bildirib. Bu layihənin Azərbaycan ilə bağlı ilk işi olduğunu deyən Çeleste Sercianno bunu yaxşı bir təcrübə kimi qiymətləndirərək deyib: “Layihə çox uğurlu alındı. Pavilyona gələn insanlar burada gördüklərindən sözün əsl mənasında heyrətlənirlər. Sərginin ilk günündən ziyarətçilər Azərbaycan pavilyonunu böyük maraqla qarşılayırlar. Heç kim bu gözəl pavilyona, buradakı uğurlara biganə qala bilmir. Bura adamı xüsusi bir mühitə aparır. Təəssüf ki, Azərbaycana səfər etməmişəm. Ölkə ilə ancaq müxtəlif şəkillər, videolar, kitablar vasitəsilə tanış oldum. Ümid edirəm ki,yaxın gələcəkdə Bakıya səfər edəcəm”.
Ziyarətçilər də Azərbaycanın milli pavilyonunu böyük maraqla qarşılayırlar.
Milli pavilyonumuzla tanış olan İtaliya vətəndaşı Luiza Sika deyib: “Bu məkan “Milan Expo 2015”in ən yaxşı pavilyonlarından biridir. Hər şey gözəl təşkil olunub. Bura həm gözəl, həm də müasirdir. Çoxlu texniki vasitələrdən istifadə olunub. Çox baxımlıdır”.
Oktyabrın 31-dək davam edəcək sərgi Milanın Dekumanos və Kardo küçələrində təşkil olunub. Dekumanos küçəsinin mərkəzində yerləşən Azərbaycan milli pavilyonunun əldə etdiyi uğurlar isə Ermənistanın “Milan Expo 2015” də iştirakından imtina etməsinə səbəb olub.
Əsəd Məmmədov
AZƏRTAC-ın müxbiri
Bakı-Milan-Bakı