Suverenliyimizin tam bərpası istiqamətində ən ciddi addımlardan biri atıldı - Millət vəkili

“44 günlük qələbədən sonra imzalanmış müvafiq sənədə uyğun olaraq Azərbaycanın işğal altında olan kəndlərinin qaytarılması əsas istiqamətlərdən biri idi. Delimitasiya və demarkasiya komissiyasının həyata keçirdiyi fəaliyyət nəticəsində artıq anklav olmayan, ermənilərin 90-cı illərin əvvəllərində işğal etdikləri Qazaxın dörd kəndi qaytarıldı. Hesab edirəm ki, bu, Azərbaycan diplomatiyasının, eyni zamanda cənab Prezidentin apardığı siyasətin bariz nümunəsi kimi dəyərləndirilməlidir”.

Bu fikirləri Metbuat.az-a millət vəkili Arzu Nağıyev deyib. Millət vəkili bildirib ki, bu, suverenliyimizin tam bərpası istiqamətində atılan ən ciddi addımlardan biri sayılır:

“Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Artıq orada sərhəd dirəkləri basdırılıb. Ermənilər tərəfindən də hərbçilər ərazidən çıxarılaraq erməni sərhəd qoşunlarının hissələri gətirilib. Bu, böyük qələbədir. Heç bir güllə atmadan diplomatik danışıqlar vasitəsilə dörd kənd bizə geri qaytarıldı. Bildiyiniz kimi, kəndlərin qaytarılması, delimitasiya demarkasiya prosesi ilə bağlı Ermənistan daxilində böyük mitinqlər oldu. Onlar ciddi cəhdlə prosesin baş tutmasına mane olmağa çalışırdılar. Çünki bilirdilər ki, sülhün bərqərar olması üçün bu vacib addım sayılır. Hesab edirəm, Azərbaycanın qələbəsi bütün istiqamətlərdə olacaq”.

Arzu Nağıyev qeyd edib ki, xarici işlər nazirləri səviyyəsində Almatıda keçirilən görüşün nəticəsindən də aydın olduğu kimi, Azərbaycanın apardığı siyasət regionda yalnız sülhün və sabitliyin bərqərar olmasına xidmət edir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı