Putindən Baydenə qarşı gözlənilməz addım: Aktivlərin "donu" açılır?

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin sanksiyalarının dövlətə və Mərkəzi Banka vurduğu zərərin ödənilməsi üçün Rusiyadakı Amerika əmlakının müsadirə edilməsinə icazə verən fərman imzalayıb.

Metbuat.az-ın məlumatına görə, rusiyalı aktiv sahibləri ABŞ-da “əsassız olaraq mülkiyyət hüquqlarından məhrumetmə” faktını müəyyən etmək üçün məhkəməyə müraciət edə biləcəklər. Buna cavab olaraq məhkəmə Amerikanın Rusiyadakı mülklərinin siyahısını tələb edəcək. Daha sonra müvafiq komissiya dəymiş ziyanın ödənilməsi üçün üzərinə həbs qoyula bilən aktivləri göstərəcək.

Məsələ barədə MK BKF bankının analitik departamentinin rəhbəri Maksim Osadçi açıqlama verib. Osadçi deyib ki, Rusiya aktivlərinin müsadirəsi ABŞ-nin ekvivalent aktivlərinin müsadirəsini nəzərdə tutur:

"Amerika tərəfi başa düşür ki, Rusiya Bankının aktivlərinin müsadirəsi, hansısa Amerika bankının aktivlərinin müsadirəsi ilə nəticələnəcək. Artıq həmin bank növbəti seçkilərdə ABŞ-nin indiki prezidentini deyil, onun rəqibini dəstəkləyə bilər".

Qeyd edək ki, SVO-nun başlamasından sonra Rusiyanın böyük banklarına ciddi ziyan dəydi. Hazırda onların vəsaitləri Amerika banklarında dondurulub. Rusiya banklarının 2022-ci il fevralın 1-nə qeyri-rezident banklara verdiyi kreditlərin həcmi ilə 10,2 trilyon rubl həddində qiymətləndirilir. Bu həcmin əhəmiyyətli bir hissəsi Amerika banklarının payına düşür.

Rusiya Mərkəzi Bankın təxminən 5 milyard dollarlıq aktivləri ABŞ-də dondurulub. Ümumilikdə isə ABŞ, Aİ və Yaponiyada təxminən 300 milyard dollarlıq aktivlər dondurulub.

Xatırladaq ki, bir müddət əvvəl Qərb dövlətləri Rusiyanın xaricdə dondurulmuş aktivlərinin Ukraynaya verilməsi barədə müzakirələrə başlamışdılar.

Gülbəniz Hüseynli, Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı