"Eurolux"un rəhbəri və qardaşı oğlunu öldürmək istəyiblər

Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurolux" şirkətinin baş direktoru və onun qardaşı oğlunu öldürməyə cəhddə təqsirləndirilən Taryel Vəliyevə hökm oxunub.

Metbuat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə 18 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Qaradağ rayonu, Salyan şosesinin 14-cü km-də yerləşən "Eurolux" şirkətinə məxsus anbarın həyətində yerləşən ofisdə baş verib.

Belə ki, Taryel Vəliyev 2021-ci ilin iyul ayında şirkətin rəhbəri, 1968-ci il təvəllüdlü Əmrah Kərimovu və onun qardaşı oğlu, 1988-ci il təvəllüdlü Orxan Kərimovun şikayəti əsasında saxlanılıb.

O iddia edib ki, Taryel Vəliyev şirkətdə çalışmış Maarif, Fərahim, İlkin və Cavid adlı şəxslərlə birgə "Eurolux"a məxsus anbardan müxtəlif vaxtlarda 500 000 manat dəyərində məişət avadanlıqları oğurlayıblar.

Sözügedən şəxslər saxlanılsa da, Taryel Vəliyevin üç övladı olduğu üçün istintaq dövrü yekunlaşanadək ev dustaqlığına buraxılıb. O, tutulacağından ehtiyat etdiyi üçün Əmrah Kərimova zəng edərək şikayətini geri götürməsini tələb edib. Üzərinə şər atdıqlarını əsas gətirərək onları öldürəcəyi ilə hədələyib.

Təqsirləndirilən şəxs telefon zəngindən 12 dəqiqə sonra Əmrah Kərimov və Orxan Kərimovun oturduğu kabinetə daxil olub. Onlardan yenidən şikayətlərini geri götürməyi tələb edib. Taryel Vəliyev iddia edib ki, həmin vaxt Əmrah və Orxan onun ailəsini təhqir edib, ofisdən çölə çıxmasını tələb etdikdən sonra hər iki şəxsin bədənlərinin müxtəlif nahiyələrinə bıçaq zərbəsi endirib. Ofisin beş işçisinin dəstəyi ilə bıçaq əlindən alınıb və Taryel Vəliyev polisə təhvil verilib.

Məhkəmənin qərarı ilə Taryel Vəliyev Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 12 il müddətinə azadlıqdan məhrum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı