"İranın Azərbaycana minnətdarlıq etməməsi naqislikdir" - Fazil Mustafa

İranda 19 mayda helikopter qəzasında həlak olan prezident İbrahim Rəisinin vəfatı ilə bağlı başsağlığı verən ölkələrə təşəkkür məqsədilə həmin ölkələrin bayrağının əks olunduğu ümumi foto paylaşılıb.

Maraqlı məqam odur ki, həmin fotoda Azərbaycan və Türkiyənin bayrağı yer almayıb. Halbuki, Azərbaycan və Türkiyə ilk başsağlığı verən, eyni zamanda helikopterin qalıqlarının tapılması üçün köməyini təklif edən ölkələrdir.

Məsələyə mövqeyini bildirən millət vəkili Fazil Mustafa Metbuat.az-a bildirib ki, biz ağayanalıqları ilə seçilən türk dövlətləri etdiyimiz hər hansı yardıma görə nə minnət borcu daşımağı, nə də kiməsə daşıtmağı xoşlamırıq:

“Biz insanlıq vəzifəmizi gördük. Əgər bunun qiymətləndirməsində natamamlıqlar varsa, o da həmin tərəfin üzərində qalır. İran verilən başsağlığını, edilən köməkliyi minnətdarlıqla qeyd etmirsə, deməli alicənablığın dərəcəsi xeyli aşağıdır. Xeyirxah münasibətlərə verilən cavab belə olmamalıdır. Yenə də öz işimizi görməli, humanizm prinsipi əsasında davranmalıyıq. İranın yanaşması humanizmdən uzaq görünür. Ona görə də, biz tərəfdən atılan addımları da qiymətləndirə bilmirlər”.

Fazil Mustafa qeyd edib ki, baş verən hadisədən asılı olmayaraq Azərbaycan yenə də birinci kömək etməyə çalışacaqdır:

“Qızıldan başı çıxmayan və ya ona dəyər verə bilməyənlər əslində özlərini dəyərsizləşdirirlər. Amma qızılın qiymətində hər hansı dəyişiklik baş vermir. Qoy adımızı orada xatırlamasınlar, amma bu, onların üzərində qalan naqislikdir, belə də davam etsinlər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı