Bakıda yenilik: Bu xidməti robot “Leyli” göstərəcək - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışı baş tutub. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ilk dəfə fəaliyyət göstərəcək musiqili fontan yer alıb.

Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar, həmçinin SPA, gözəllik və fitnes mərkəzləri var.

Mərkəzdə 2400-ə yaxın işçi fəaliyyət göstərəcək.

Ticarət mərkəzində rəqəmsallaşan dünyanın yeni trendlərinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidməti də var. Burada fəaliyyət göstərən brendlər haqqında ətraflı məlumat verəcək bələdçi, həmçinin istiqamət göstərəcək və xidmətlərlə bağlı sorğuları cavablandıracaq. Bununla da qonaqların ticarət mərkəzi daxilində hərəkəti asanlaşacaq. Məlumat bələdçisi 140 dildə yazılı, Azərbaycan, ingilis və rus dillərində isə şifahi məlumatlar verə bilir.

Süni intellektin tətbiqi ilə ticarət mərkəzində müasir və dünyəvi trendlər tarixi və mədəni dəyərlərimizlə də əlaqələndirilib. Bu məqsədlə girişdə qonaqları qarşılayan süni intellektli robot “Leyli” adlandırılıb. Süni intellekt məlumat bələdçisi Leyli, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından müdriklik və gözəllik rəmzi olan Leylini simvolizə edir.















Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı