“Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” dəyirmi masa keçirildi

4 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda onlayn media nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Metbuat.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bildirmişdir ki, dəyirmi masanın məqsədi onlayn media subyektləri ilə kommunikasiyanın genişləndirilməsi, həmçinin audiovizual media, onun tənzimlənməsi və Şuranın fəaliyyəti ilə bağlı media nümayəndələrinə daha geniş məlumatın çatdırılmasıdır. Şuranın ümumi fəaliyyəti, o cümlədən son zamanlar həyata keçirilən işlər barədə geniş açıqlama verən Fazil Novruzov qeyd etmişdir ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən bütün ümumölkə yayımçılarının monitorinqi mütəmadi əsasda, digər yayımçıların monitorinqi vaxtaşırı olaraq və şikayət əsasında həyata keçirilir.

Aparat rəhbəri əlavə etmişdir ki, 2023-cü ildə bir sıra pozuntulara görə yayımçılara 6 dəfə xəbərdarlıq verilmiş, 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunmuşdur. Həmçinin, 2024-cü ilin əvvəlindən bugünədək 1 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunmuşdur.

Bundan sonra Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov Azərbaycanda audiovizual media və onun tənzimlənməsi normaları haqqında geniş təqdimatla çıxış etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təcrübə, media sahəsində dövlətin vəzifələri, media azadlığı, təkzib, düzəliş və cavab vermək hüququ, audiovizual media subyektləri və digər mövzular barədə media nümayəndələrinə ətraflı məlumat verilmişdir.

Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Audiovizual Şura tərəfindən çap etdirilmiş “Audiovizual mediada uşaq hüquqlarının qorunması” kitabçası barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, uşaq mövzusu, xüsusilə uşaqların zərərli informasiyalardan qorunması məsələsi Audiovizual Şuranın fəaliyyətində prioritet təşkil edir. Şura audiovizual media subyektlərinin maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər, o cümlədən seminar, dəyirmi masa və təlimlər həyata keçirir.

Tədbir media nümayəndələrini maraqlandıran suallarla davam etmişdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı