Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Baker Hughes” şirkəti arasında Əməkdaşlıq Sazişi imzalanıb.
Bu barədə Metbuat.az-a SOCAR-dan bildirilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Baker Hughes” şirkətinin prezidenti və baş icraçı direktoru Lorenzo Simonelli tərəfindən imzalanan sənədə əsasən, Azərbaycan ərazisində mərkəzdənqaçma elektrik dalma nasoslarının (MEDN) yığılması, təmiri və texniki servis işlərinin aparılması həyata keçiriləcək.
Saziş çərçivəsində SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilə “Baker Hughes Services İnternational” MMC arasında əldə olunan razılaşmaya əsasən, MEDN-lərin yığılması məqsədilə yeni mərkəz yaradılacaq. Hazırlıq işlərinin bir hissəsi olaraq, ilkin mərhələdə 50 MEDN dəstinin Azərbaycana çatdırılması razılaşdırılıb.
Tətbiq ediləcək innovativ yanaşma prosesləri sadələşdirməklə yanaşı, səmərəliliyi və məhsuldarlığı artıracaq. Yeni texnologiyadan istifadə nəticəsində keçmiş nəsil dalma nasoslarının yaratdığı çətinliklər, o cümlədən təmirlə bağlı hasilat fasilələrinin çoxalması və məhsuldarlığın azalmasının qarşısı alınacaq. İnnovativ yanaşma dalma nasoslarına müstəsna etibarlılıqla işləməyə imkan verərək, onların istismar müddətini dəfələrlə artıracaq.
Strateji əməkdaşlıqlar və tərəfdaşlarla aparılan təcrübə mübadilələri, həmçinin innovativ yanaşmaların, yeni texnologiyanı tətbiqi sayəsində SOCAR fəaliyyətini daha da təkmilləşdirməyi və daha yeni nailiyyətlər əldə etməyi hədəfləyir.