Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirildi

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib.

YAP-dan Metbuat.az-a bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir: “Neft strategiyasından əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi sosial-iqtisadi islahatların davamlılığının təmin olunmasına xidmət edir. Dövlətimizin başçısı müxtəlif ölkələrin təcrübəsini müqayisə edərək uğur qazanmağın əsas səbəblərini neft-qaz ehtiyatları ilə deyil, elmə, biliyə, yiyələnməklə əlaqələndirərək qeyd edib ki, təbii ehtiyatların və insan kapitalının sintezi Azərbaycanı qabaqcıl, müasir ölkəyə çevirəcək. Təhsilə qoyulan vəsaitin ölkənin hərtərəfli inkişafına, davamlı tərəqqinin təmin olunmasına əsaslı zəmin yaratdığını vurğulayan Prezident İlham Əliyev təhsil sisteminin müasirliyi və effektivliyini dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasının reallaşmasının əsas şərtlərdən biri kimi səciyyələndirib”.

V.Əskərov söyləyib ki, müasir dünyada ali təhsilin mahiyyəti dəyişib, çoxsaylı universitetlər yaradılıb, gənclərin qarşısında istər ölkəmizdə, istərsə də digər dövlətlərin ali məktəblərində təhsil almaq seçimi var. Onun sözlərinə görə, son illər ərzində ölkəmizdə təhsil sahəsində aparılan islahatlar sayəsində ali təhsil sektorunda ciddi irəliləyişlər var: “2023-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilk dəfə olaraq nüfuzlu QS dünya universitetlər reytinqlərində yer alıb, bu il isə sıralamada irəliləyərək 1001-1200 diapazonunda qərarlaşıb. Sevindirici haldır ki, dünyanın ən nüfuzlu beynəlxalq reytinq təşkilatlarından biri olan “Times Higher Education” Impact 2024 reytinqi üzrə nəticələrə görə, bu il Azərbaycan Dövlət Neft və Sənaye Universiteti iki istiqamət üzrə dünyanın ən reytinqli universitetləri arasında 601 qrupunda yer tutub, digər iki istiqamət üzrə isə 801 qrupunda qərarlaşıb”.

V.Əskərov deyib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsi gənclərin innovasiyayönümlü potensialının aşkarlanması və ölkəmizdəki innovasiya ekosistemində iştirakçılığı baxımından mühüm əhəmiyyətə malikdir: “Əminəm ki, Rəqəmsal İdeya Müsabiqəsində təqdim edilən yeni ideyalar gənclərin maarifləndirilməsinə və suveren Azərbaycanın daha da inkişaf etməsinə öz töhfəsini verəcək”.

Müsabiqə barədə hesabat verən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, Rəqəmsal İdeya Müsabiqəsinə hər keçən il gənclərin diqqəti daha da artmaqdadır: “Belə ki, bu il sayca 3-cü dəfə keçirilən müsabiqəyə ümumilikdə 1734 müraciət daxil olub. Qeydiyyatdan keçən gənclər arasından ən uğurlu 120 iştirakçı seçilib. İştirakçıların seçimi zamanı gender bərabərliyi də əsas prinsiplərdən biri olaraq götürülüb”.

Onun sözlərinə görə, müsabiqədə bütün gənclərə bərabər iştirak imkan yaradılıb, Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərlə yanaşı, bitərəf gənclər də iştirakçı olmaq şansı əldə edib.

YAP Gənclər Birliyinin sədri deyib ki, respublikanın 50-dən çox inzibati ərazi vahidini təmsil edən gənclərimiz 30 komandada ən yaxşı olmaq üçün mübarizə aparıblar: “Bu komandalar formalaşdırılarkən iştirakçıların komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi də əsas hədəflərdən biri olub. Belə ki, dünəndən başlayan təlim və tanışlıq proqramının davamı olaraq komandalar bu gün 8 saat ərzində mentorlarla birgə komanda kotalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından ibarət 6 mərhələli yarışda iştirak ediblər”.

B.İslamov diqqətə çatdırıb ki, bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu nəzərə alaraq müsabiqə məhz bu istiqamətə həsr olunub. Vurğulanıb ki, “Yaşıl dünya üçün innovasiyalar” adlandırılan Rəqəmsal İdeya Müsabiqəsində başlıca fəaliyyət istiqamətləri ətraf mühitin qorunması və vətəndaşların ekoloji maarifləndirilməsi üçün mobil tətbiq konseptinin hazırlanması, işğaldan azad edilmiş ərazilərdə uğurlu “yaşıl dünya” modelini əks etdirən maketlərin qurulması və “yaşıl təfəkkür”ü inkişaf etdirən intellekt oyunları olub.

Sonra Rəqəmsal İdeya Müsabiqəsinin hesabat video-çarxı nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov artıq ənənə halını almış Rəqəmsal İdeya Müsabiqəsinin gənclərin biliklərinin artırılması və komanda şəklində birgə çalışmaq bacarıqlarının yüksəlməsinə geniş imkanlar yaratdığını söyləyib.

Müsabiqə iştirakçılarının coğrafiyasının xeyli genişləndiyini vurğulayan Tahir Budaqov qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsində Azərbaycanın, demək olar ki, bütün bölgələrindən olan gənclər təmsil olunurlar: “Artıq üçüncü ildir ki, təşkil olunan müsabiqə gənclərimizin istər intellektual potensialının üzə çıxarılması, istər ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, istərsə də gənclər arasında kommunikasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu müsabiqə, eyni zamanda, gənclərin peşə seçimində də müsbət rola malikdir”.

Azərbaycan gənclərinin yüksək potensiala malik olduğunu vurğulayan Tahir Budaqov qeyd edib: “Siz Azərbaycanın ən möhtəşəm və şərəfli dövründə yaşayırsınız. Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsində və ötən il həyata keçirilmiş bir günlük lokal xarakterli antiterror əməliyyatında rəşadətli Azərbaycan gəncliyi yüksək vətənpərvərlik nümunəsi göstərərək 30 ilə yaxın işğal altında qalmış ərazilərimizin azad edilməsində müstəsna rol oynayıb. Gənc nəsil öz ərazi bütövlüyü və suverenliyini təmin etmiş qüdrətli Azərbaycanın vətəndaşları kimi ölkəmizin inkişafına bundan sonra da layiqli töhfə vermək əzmində və iqtidarındadır”.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, bu gün müasir Azərbaycan dövləti Heydər Əliyev ideyalarından bəhrələnərək böyük uğurlara imza atır: “Möhtəşəm nailiyyətlərimizin əsasında Heydər Əliyev siyasəti, Ulu Öndərimizin adı ilə bağlı olan Qurtuluş məfkurəsi dayanır. Məhz Milli Qurtuluş Günündən başlayan tərəqqi və Zəfər yolu bizi tarixi qələbəmizə yaxınlaşdırdı. Ümummilli Liderimizin siyasi varisi – Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin liderliyi ilə şanlı qələbəyə imza atdıq və tarixi ədalətin bərpasına nail olduq”.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi tanındığını söyləyən Tahir Budaqov diqqətə çatdırıb ki, ölkəmiz ötən müddət ərzində regionun lider dövlətinə çevrilərək qlobal miqyasda önəmli uğurlar qazanıb: “Azərbaycan Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təşkilatlara müvəffəqiyyətlə rəhbərlik edərək bəşəriyyət üçün vacib təşəbbüslər irəli sürüb və ümumbəşəri dəyərlərə, milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan mütərəqqi siyasəti ilə müsbət nümunə yaradıb. Bütün bunların nəticəsidir ki, dünya miqyasında Azərbaycana inam və etimad davamlı olaraq artıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi haqqında yekdil qərar da bu reallığın bariz ifadəsidir. Şübhəsiz ki, Azərbaycan bu mötəbər beynəlxalq tədbirə də uğurla ev sahibliyi edəcəkdir. COP29 ölkəmizin sülh və tərəqqi tərəfdarı olduğunu bir daha nümayiş etdirəcək, Azərbaycan reallıqlarının təqdimatı üçün daha bir mühüm platforma olacaqdır”.

Ölkəmizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyən YAP Sədrinin müavini gənclərin Azərbaycanın gələcək strateji hədəflərinin reallaşmasına mühüm töhfə verəcəklərinə inamını ifadə edib.

Tahir Budaqov çıxışının sonunda müsabiqə qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bu gün ölkəmiz sürətli inkişaf dövrünü yaşayır və bu da innovasiyayönümlü yaradıcı gənclər üçün öz təşəbbüslərini reallaşdırmaqda yeni imkanlar yaradır: “Bu sahədə gənclərin innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyalardan istifadə bacarığının artırılmasına əsaslanan innovativ inkişaf məsələləri ön plana çəkilir”.

Onun sözlərinə görə, bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməyimiz ölkəmizin ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Nazir qeyd edib ki, COP29 çərçivəsində təcrübə, işgüzar vərdişlər və fərdi inkişafa yiyələnmək niyyətində olan bütün gənclərə peşəkar inkişaf, ətraf mühit, dayanıqlılıq kimi mövzuları əhatə edəcək bir sıra müxtəlif təlimlərin keçirilməsi də nəzərdə tutulur: “Ölkə başçısının müvafiq Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nin ətraf mühitin mühafizəsi sahəsində birgə təşəbbüslərin reallaşdırılması üçün əlverişli fürsət ili olacağına əminik. Bu il çərçivəsində gənclərin ətraf mühitin idarə olunmasında yeni yanaşmaların tətbiqi, modern və çevik idarəetmə formalarından istifadə sahəsində fəaliyyətləri nəzərəçarpacaq dərəcədə hiss olunur. Onlar ətraf mühitin qorunması və ekoloji maarifləndirmə istiqamətində novator baxışları ilə seçilir, proseslərin lokomotivinə çevrilərək öz bacarıqlarını nümayiş etdirirlər”.

“Ətraf mühitin mühafizəsi tədbirlərinin səmərəliliyinin artırılması üçün gənclər arasında kütləvi maarifləndirmə sisteminin yaradılması, gənclərin daha erkən yaşdan ekoloji təfəkkürə sahib olması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir”,- deyən M.Babayev əlavə edib ki, təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanılması ideyalarının gənclər arasında təbliği, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqi, həmçinin yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması məqsədilə orta və ali təhsil müəssisələri ilə əməkdaşlıq genişləndirilir. Eyni zamanda, ətraf mühit problemlərinin həllində gənc nəslin maarifləndirilməsi və məlumatlılığının artırılması, onların potensialından istifadə edilməsi bu sahədə həyata keçirilən layihələrin daha səmərəli və nəticələrinin dayanıqlı olmasına zəmin yaradacaq.

Nazir diqqətə çatdırıb ki, COP29-un əsas məqsədlərindən inklüziv nəticələrə nail olmaqdır: “Buna görə də builki danışıqlarda iqlim dəyişikliyindən ən çox təsirlənəcək gənclərin səsi eşidilməlidir. Ümid edirəm ki, bu qəbildən olan müsabiqələrin keçirilməsi gənclərin ideyayönümlü potensiallarının aşkarlanması, onların komanda qurmaq və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, fəaliyyət göstərdikləri sahələrdə rəqəmsal texnologiyaların tətbiqi istiqamətlərində biliklərinin artmasına mühüm töhfələr verəcək”.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə çıxışında Azərbaycanda innovasiyaların inkişafı və bu sahədə yaradılan əlverişli şəraitdən, rəqəmsal transformasiyanın əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu müsabiqə Azərbaycanın innovasiya ekosistemində gənclərin iştirakının artırılmasına töhfədir. Nazirin sözlərinə görə, müsabiqənin istər coğrafiyasının, istərsə də iştirakçı sayının artması bir tərəfdən gənclərin ekoloji problemlərin həllinə yanaşmasını nümayiş etdirir, digər tərəfdən onların innovativ həllərə və rəqəmsal inkişafa olan marağının bariz sübutudur.

Rəşad Nəbiyev qeyd edib ki, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış, azad olunmuş ərazilərimizin bərpası dövrünü yaşamaqdadır: “Bu tarixi mərhələ yalnız azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması ilə səciyyələnmir. Bu, eyni zamanda, innovativ cəmiyyətin qurulması ilə də xarakterizə edilir. Sözügedən proseslərdə gənclərin də üzərinə böyük məsuliyyət düşür. Hesab edirik ki, gənclər bu dəyişikliyin aparıcı qüvvəsi olmalıdır. Bu dinamik şərait gənclərdən ilk öncə davamlı olaraq irəliləməyə can atmağı və həmin dəyişikliklərə uyğunlaşmağı tələb edir. Bu kimi müsabiqələrin keçirilməsi məhz həmin məqsədə xidmət edir. Əminəm ki, təşkilatçıların qarşıya qoyduğu əsas məqsədlərdən biri tələbələrə müsabiqə zamanı öz innovativ həllərini nəinki ortaya qoymaq, eyni zamanda, onların tətbiqi üçün böyük bir platforma yaratmaq idi. Burada nümayiş etdirilən stendlərdən, göstərilən videoçarxdan görürük ki, müsabiqə iştirakçıları nəinki ideyaları ortaya qoyub, həm də onların tətbiqi imkanlarını da əldə etmiş olublar”.

R.Nəbiyev deyib ki, hazırda inkişaf edən dünyada şəbəkələşmə xüsusi önəm kəsb edir: “Şəbəkələşmə bir qrupda işləmək, bir-birindən öyrənməklə yanaşı, əlaqələrin qurulması anlamına gəlir. Burada iştirak edən gənclər nəinki komanda daxilində, eyni zamanda digər komandalarla, müxtəlif regionlardan olan həmyaşıdları, tələbə yoldaşları ilə əlaqələr qurublar ki, bu da onlara perspektivdə faydalı olacaq. Bugünkü Azərbaycanın çağırışları universiteti bitirən tələbələrdən iş axtaran kateqoriyasından iş yaradan kateqoriyasına keçməyi tələb edir. Müsabiqədə bu məqsədə də nail ola biliblər. Bu baxımdan, ki, müsabiqə zamanı biznes yarada bilmək üçün tələb olunan qətiyyət və risklərə açıq olmaq kimi vərdişləri gənclər öyrəniblər. Əminəm ki, bu da onlara gələcək həyatlarında çox faydalı olacaq. Bir sözlə, təşkilatçıları təbrik etmək istəyirəm, görünən odur ki, onlar qarşıya qoyduqları bütün məqsədlərə çatıblar. Gənclərimizə gəldikdə isə, onların hər birinin ayrı-ayrı məqsədləri var və onlar müsabiqədə iştirak etməklə bu məqsədlərə doğru daha uğurlu bir addım atdılar. Nazirlik olaraq gələcəkdə bu kimi təşəbbüslərdə onları dəstəkləyəcəyimizi bildirmək istəyirəm”.

Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsinin əhəmiyyətindən danışaraq bildirib ki, belə tədbirlərin keçirilməsi Azərbaycan gəncliyinin dünyagörüşünün, innovativ düşüncə tərzinin inkişafını, həmçinin onların ekoloji məsələlərin həllindəki fəal iştirakını dəstəkləyən çox mühüm bir addımdır. Yaşadığımız XXI əsrin texnologiyalar və rəqəmsal yeniliklər əsri olduğunu xatırladan F.Qayıbov dəyişən dünyada gələcəyimizi də məhz gənclərimizin formalaşdıracağını deyib: “Onların parlaq ideyaları bizi davamlı inkişafa aparır. Bu kimi layihələr gənclərimizi öz ideyalarını bölüşməyə təşviq edir, onların ətraf mühitin qorunması ilə bağlı problemlərin həlli üçün yenilikçi və yaradıcı yanaşma nümayiş etdirmələrinə imkan yaradır”.

Nazir Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının qarşımızda ətraf mühit və “yaşıl inkişaf”la bağlı yeni hədəflər qoyduğunu bildirib. O qeyd edib ki, bu hədəflər çərçivəsində iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi, eyni zamanda, gənclərin bu sahədə iştirakının artırılması məqsədilə bir çox layihələr və tədbirlər həyata keçirilir: “Prezident İlham Əliyevin gənclərimiz haqqında qeyd etdiyi “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdır. Gənclər, mən sizə inanıram, güvənirəm” ifadəsi hər bir gəncimiz üçün yol xəritəsi, inam və məsuliyyət dolu ifadədir. Əminəm ki, gənclərimiz də onlara göstərilən bu inam və etimadı doğrultmaq üçün daim çalışacaqlar, öz bacarıqlarını nümayiş etdirəcəklər”.

Elm və təhsil nazirinin müavini İdris İsayev isə çıxışında bildirib ki, gənclər cəmiyyətimizin həyatında mühüm rol oynayırlar: “Bu da təbiidir, gənclərin öyrənmək və ətraf mühitə uyğunlaşmaq qabiliyyətləri digərlərindən daha fərqli və sürətlidir. Bu mənada, gənclərimizdə innovativ düşüncənin formalaşması və inkişafı çox mühüm amillərdən biridir. Çünki əldə edilən biliklərin böyük bir qismi məhz innovasiyalar, elm və təhsil hesabına qazanılır. Buna görə də inkişaf etmiş ölkələr elmin, innovasiyaların inkişafına xüsusi diqqət ayırırlar. Dünyada iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi məhz intellektual əmək formasiyaları hesabına formalaşır”.

“Yaşıl dünya naminə innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsinin əhəmiyyəti barədə danışan İ.İsayev əlavə edib ki, gənclərimizi müxtəlif təşəbbüslərlə çıxış etməyə, həmçinin bu təşəbbüslərin innovativ həlli yollarını praktiki olaraq müəyyənləşdirməyə həvəsləndirməliyik: “Biz bunu etməklə gənclərimizi gələcəkdə innovativ liderlərə çevirə bilərik. Çünki gənclərimiz yeni innovativ məhsullar ortaya qoymaqla cəmiyyətimizin inkişafına öz əvəzsiz töhfələrini verə bilərlər. Düşünürəm ki, biz gələcək qarşısında məsuliyyətimizi dərk edərək gənclərimizi bu proseslərə fəal şəkildə cəlb etməliyik. Bunun üçün onları inandırmalıyıq ki, gördükləri işlər cəmiyyətimizin inkişafını istiqamətləndirə bilər. Ona görə biz gənclərimizi öyrətməli və maarifləndirməliyik”.

Nazir müavini həmçinin qeyd edib ki, gənclərimizdə təşəbbüskarlığın artırılması vacib amillərdən biridir. Qlobal problemlərin ilk sıralarında yer alan faktorlardan birinin iqlim dəyişiklikləri olduğunu bildirən İ.İsayev əlavə edib ki, bu məsələ ilə mübarizədə gənclərimizin liderlik keyfiyyətləri son dərəcə təsirli və qürurvericidir: “İqlim dəyişikliyi bu gün qlobal bir problemə çevrilib və əgər bununla bağlı hər hansı tədbirlər görülməsə, təbii ki, dünyanı ciddi fəsadlar gözləyir. Bunun üçün bizim gənclərimiz bir sıra bacarıqlara malik olmalıdırlar. Bu bacarıqlar, eyni zamanda, “yaşıl bacarıqlar” ola bilər. “Yaşıl bacarıqlar” ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin edilməsi üçün tələb olunan bilik, bacarıq və səriştələr sistemindən ibarətdir. Bu bacarıqlara malik olan gənclərimiz bir sıra innovativ həlləri formalaşdırmaqla tullantıların idarə edilməsi, ətraf mühitin və təbii ehtiyatların qorunması, alternativ enerji mənbələrinin müəyyən edilməsi kimi proseslərdə fəal iştirak edə bilərlər”.

Daha sonra qaliblər mükafatlandırılıb. I yerin qalibi “Dəfnə”, II yerin qalibi “Zəka”, III yerin qalibi “Turan” komandaları, “Yaşıl İdarəetmə” intellektual oyununun qalibi isə “Qayıdış” komandası olub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR