“Lexus” və “Qaz 31”in qəzası ilə bağlı yayılan iddialara DİN-dən CAVAB

Bəzi xəbər saytlarında vətəndaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin araşdırılmaması barədə yayılan məlumatlara DİN-in Mətbuat Xidmətindən aydınlıq gətirilib.

DİN-in əməkdaşı polis leytenantı Elbrus İbrahimov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, iddialar həqiqəti əks etdirmir, şəxsi mülahizələrdir.

Belə ki, ötən il fevralın 11-də paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində “Lexus” və “Qaz 31” markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı daxil olan məlumat əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılıb.

Tərəflərin və hadisə şahidlərinin izahatları alınıb, hadisənin baş verdiyi əraziyə baxış keçirilib, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Araşdırmalar nəticəsində yol-nəqliyyat hadisəsinin “Qaz 31” markalı avtomobilin müvafiq yol nişanı tələblərinə riayət etməyərək anidən qarşı tərəfin yoluna çıxması nəticəsində baş verdiyi müəyyən edilib.

Həmçinin məlum olub ki, “Qaz 31” markalı avtomobilin sürücüsü Əzəmət Məmişov nəqliyyat vasitəsini sürücülük hüququ və həmin nəqliyyat vasitəsinə etibarnaməsi olmadan idarə edib. Ə.Məmişov bunu öz izahatında da qeyd edib.

Bundan başqa, Ə.Məmişovun tibbi ekspertizadan keçirilməsi barədə qərar qəbul edilsə də, o, bundan imtina edərək müayinədən keçməyib.

Əzəmət Məmişovun əməlində İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinin tərkib əlamətləri yarandığına görə barəsində müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, “Lexus” markalı avtomobilin sürücüsü ASC-lərin birində sürücü olaraq fəaliyyət göstərib. Onun vəzifəli şəxsin qohumu olması ilə bağlı iddialar həqiqəti əks etdirmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı