Məişət zorakılığına qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının rolu

Beynəlxalq araşdırma mərkəzləri qeyd edirlər ki, məişət zorakılığı ilə mübarizə sahəsində mühüm əhəmiyyət daşıyan qanunvericilik aktlarının qəbul edilməsi bu promlemin aradan qaldırılması üçün yetərli deyil. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində davamlı işlər aparmaqla yanaşı, digər tədbirlərin görülməsi də zəruridir. Bu kontekstdə vətəndaş cəmiyyəti institutlarının, xüsusilə qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin rolundan səmərəli istifadə olunmasını tövsiyə edirlər.

“Birləşmiş Millətlər Təşkilatının tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda Bakıda keçirilən konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da bu fakta önəm verdiyini bildirib. O, qeyd edib ki, məişət zorakılığı ilə mübarizə mövzusu təkcə qanunların və dövlət qurumlarının işi deyil, həm də ictimaiyyətin, mətbuatın, qeyri-hökumət təşkilatlarının əsas məsələsidir: “Xüsusilə qadın və uşaqların hüquqlarının daha etibarlı qorunması sahəsində dövlət qurumlarının VCT-lərlə əlaqəli şəkildə fəaliyyət göstərmələri daha uğurlu nəticələrə gətirib çıxarır” ( https://family.gov.az/az/post/3629/bmt-nin-tovsiyeleri-qeyri-hokumet-teskilatlari-ile-muzakire-edildi ). Komitə sədrinin fikrincə, vətəndaşları narahat edən məsələlərin aidiyyəti orqanlara çatdırılmasında, ictimai məlumatlılığın artırılmasında, maarifləndirmə işinin qurulmasında QHT və KİV-lərin rolu əvəzsizdir.

Qeyri-hökumət təşkilatlarının missiyası

Məişət zorakılığının qarşısının alınmasında əhəmiyyətli rol oynayan institusional təsisatlardan biri də Qeyri-hökumət təşkilatlarıdır. Onlar ilk növbədə zorakılığa məruz qalmış şəxslər barədə informasiyaları ictimailəşdirməklə problemin aradan qaldırılmasına yardım göstərmiş olurlar. Məişət zorakılığı üzrə fasiləsiz monitorinqlərin keçirilməsi, mövcud problemlərin təsnifatlaşdırılaraq qabardılması QHT-lərin gündəlik işləri sırasındadır.

Məişət zorakılığına qarşı mübarizə sahəsində ixtisaslaşmış xüsusi QHT-lər vardır ki, onlar prosesi daha dərindən izləyə bilirlər. Bu tip QHT-lər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edərək problemin aradan qaldırılmasına töhvələr verirlər. Məsələn, hal-hazırda məişət zorakılığından əziyyət çəkənlər üçün biri Bakı şəhərində, digəri isə Gəncə şəhərində olmaqla, iki ümumölkə statuslu sığınacaq fəaliyyət göstərir. Bakı şəhərindəki sığınacaq “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin, Gəncə şəhərindəki sığınacaq isə “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdindədir. Adı çəkilən QHT-lər bu sığınacaqların qurulmasında rol almaqla, zorakılıqdan əziyyət çəkənlərə praktiki yardım göstərmiş olurlar.

Ölkəmizdə məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş 10 qeyri-dövlət mərkəzi fəaliyyət göstərir. Onların fəaliyyəti əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərini əhatə edir.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hər il elan etdiyi müsabiqələr çərçivəsində məişət zorakılığı ilə mübarizə mövzusuna həsr olunmuş layihələrə də yer ayırır və bu yolla problemin aradan qaldırılmasına töhvələr verir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Birləşmiş Millətlər Təşkilatının tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda konfransda çıxış edərkən bildirib ki, son illər ərzində qrant müsabiqələrinə yeni mövzuların əlavə edilir: “Bu mövzular arasında məişət zorakılığı, gender stereotipləri, təhsildən yayınma halları, insan alverinə qarşı mübarizə, uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının təşviq edilməsi kimi istiqamətlər yer alır” ( https://family.gov.az/az/post/3629/bmt-nin-tovsiyeleri-qeyri-hokumet-teskilatlari-ile-muzakire-edildi).

Aygün Əliyeva bildirib ki, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə 2022-ci ildə fərdi qaydada 46, koalisiya formasında isə 8 layihə maliyyələşdirilib. 2023-cü ildə elan edilmiş müsabiqə üzrə isə “Ailə, Qadın, Uşaq və Gender Məsələləri” istiqaməti üzrə 56 layihə maliyyələşdirilib.

Kütləvi informasiya vasitələrinin missiyası

Məişət zorakılığının qarşısının alınmasında medianın rolundan istifadə edilməsi yönündə tövsiyyələr bir sıra beynəlxalq sənədlərdə öz əksini tapıb. Xüsusilə Avropa Şurasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması haqqında Konvensiya”sında qeyd edilir ki, məişət zorakılığı ilə mübarizədə istifadə edilməsi zəruri olan elementlərdən biri də kütləvi informasiya vasitələridir. Konvensiyada irəli sürülən ideya budur ki, KİV müstəvisində məişət zorakılığına qarşı mübarizə üzrə düzgün maarifləndirmə və məlumatlandırma işi aparmaqla, problemin həllinə yardım göstərmək mümkündür” ( https://rm.coe.int/ic-explanatory-ic-aze-web/16808e9a39 ).

KİV-in məişət zorakılığına qarşı mübarizə mövzusunda verə biləcəyi töhvələr barədə qeydlər digər beynəlxalq sənədlərdə də əks edilib. Bu barədə növbəti yazımızda daha geniş məlumat veriləcək.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.

Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. KİV təmsilçilərində məişət zorakılığı mövzusunda informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Məişət zorakılığının qarşısının alınmasında medianın rolunun artırılması” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 7 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı