Bizim cəmiyyətdə rəhbərlərə qarşı maraqlı bir düşüncə tərzi var. Adətən belə düşünürlər ki, rəhbər statusunda olan insan qadın və ya kişi olmasından asılı olmayaraq, ya həddindən artıq kök, hündür, simasından qorxu yağan, səsi işçinin damarında qanı donduracaq qədər vahiməli, ya da ümumiyyətlə işçilərlə münasibətdə səmimiyyətdən uzaq, soyuq və öz kabineti ilə kreslosu arasında yaşayan biri olmalıdır.
Bu yaxınlarda mənə belə bir irad bildirildi: “Gülbəniz, sən peşəkar insansan, amma üzündə məşhur filmlərimizdən birində deyildiyi kimi bir az zəhrimar əskikdir”.
Yəni, əgər insan gülərüz, səmimi və komandasında olanlarla rəhbərdən daha çox dostcasına bir münasibət göstərərsə, bu onun peşəkarlığına xələl gətirə bilər.
Bir jurnalist olaraq bu mövzunu ölkədə tanınmış bir çox rəhbərlərlə müzakirə etdim. Məqsədim işin həqiqətən "daha çox zəhrimar" tələb edib-etmədiyini və ya bunun sadəcə söz xatirinə deyilmiş, idarəetmə ilə əlaqəsi olmayan bir fikir olub-olmadığını araşdırmaq idi.
Azərbaycanda tanınmış şirkətlərdən birinin rəhbər vəzifəsində çalışan, illərdir müxtəlif şirkətlərdə məsləhətçi və CEO vəzifələrində fəaliyyət göstərmiş liderlərdən biri ilə söhbət etdim.
İlk sualım rəhbər vəzifəsində olanların səmimiyyət dərəcəsi ilə bağlı idi. O mənə dedi ki, ümumiyyətlə, yerli iş sferasında bu vəziyyət təkcə bir neçə şirkətlə məhdudlaşmır; əksəriyyət üçün normal qəbul edilir. Avropada, Asiyada, Amerikada, bir sözlə, dünyanın müxtəlif ölkələrində rəhbərin görünüşü və işçi ilə münasibəti Azərbaycandakından çox fərqlidir. Əgər rəhbər vəzifəsində olan şəxs sözünün kəsərli olmasını və işinin vaxtında icra edilməsini istəyirsə, işçilərlə münasibətdə sərhədlərə diqqət yetirməlidir.
Əks halda, bu onun statusuna xələl gətirə bilər. Amma bu, onun işçilərə qarşı qaba, tənqidçi və ya təhqiredici davranışlar sərgiləməsi, manipulyativ olması demək deyil. Biz işlə şəxsi münasibətləri əsla qarışdırmamalıyıq. İşdən sonra rəhbərin komandası ilə kofe içməsi bəzən normal, bəzən isə şirkət strategiyasına uyğun olmaya bilər. Amma hər halda, şirkətdən kənar fəaliyyətlər də nəzərdən qaçmamalıdır.
"Müdir" və "lider" anlayışlarının fərqli olduğunu vurğulayan müsahibim mənə məsləhət gördü ki, işçilərlə dostluq etməkdənsə, ədalətli qaydalara görə idarəetmə üsulunu seçdiyim təqdirdə daha məhsuldar ola bilərəm.
İllərdir jurnalistikada müxtəlif sahələrdən onlarla məşhur, tanınmış, ictimai nüfuzu fərqli olan şəxslərlə işləyib onların xarakterlərini analiz etmək şansım olub. Bizim cəmiyyətimizdə müdirlər çox olsa da, komandasının inkişafını düşünən və “Mən” yox, “Biz” deyən liderlər də var. Yeni nəsil müdirləri deyil, liderləri daha çox sevir. Çünki liderlərin xarakteri müdirlərin xarakter və bacarıqlarından qat-qat fərqlidir.
Yeni nəsil işçilər səbrsiz, tez coşan, etdiyi ən kiçik işin təriflənməsini istəyən, dinləməkdən daha çox öz düşündüyünü icra edən, amma bir o qədər də ağıllı sayılırlar. Onlara istiqamət verməyə ehtiyac var. Amma bu mübarizədə lider, yoxsa müdir kimi çıxış etmək rəhbərlərin seçimidir. Liderlər daha çox innovativ olub yenilikləri mənimsəyib tətbiq etmək yolunu seçdikləri halda, müdirlər isə öz təcrübələri əsasında istiqamət verib, daha çox şəxsi düşüncələri prizmasından məsələyə yanaşırlar.
Təcrübələr göstərir ki, "Z" nəsli "daha çox zəhrimar" yerinə, daha pozitiv, fikirlərinə hörmət edən və istiqamətləndirən rəhbərlərə üstünlük verirlər.
Mən isə "daha çox zəhrimar" olmaq əvəzinə, işçilərimi anlayıb, istiqamət verən və səbrli bir lider olmağa çalışıram...