Jest dilində danışan uşaqlarla bağlı layihə təqdim edildi - FOTO

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB tərəfindən 1 avqust tarixində Lənkəran şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində "Jest Dilində Danışan Uşaqlarda Ünsiyyətqurma Bacarığının və Lüğət Ehtiyatlarının Artırılması üzrə Təşəbbüslər" adlı layihənin təqdimatı həyata keçirilib.

Metbuat.az bildirir ki, təqdimat Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin səslənməsi ilə başlanılıb. Təqdimat zamanı məktəbin direktoru Şərqiyə Eminova çıxış edərək məktəbdə təhsil alan, əlilliyi olan uşaqlara diqqət və qayğıdan, əlillik xüsusiyyətinə uyğun olaraq əlilliyi olan şəxsin müxtəlif tədris metodlarından istifadə olunmaqla inklüziv və ya inteqrasiyalı təhsil almasına, ünsiyyət, özünəxidmət və öz davranışına nəzarət qabiliyyətinin bərpasına yönəldilmiş mövzulardan bəhs etmişdir.

İştirakçılar arasında Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional Filialının nümayəndələri, Lənkəran şəhər günərzi uşaq mərkəzinin və Lənkəran şəhər ümumtəhsil məktəblərinin müəllim və psixoloqları, valideynlər iştirak etmişdir.

Layihə rəhbəri Aidə Səfərovanın məlumatına görə, layihənin məqsədi eşitmə və nitq qabiliyyəti tam məhdud olan şəxslərin ünsiyyət vasitəsi olan jest dilinin təbliği, onların cəmiyyətə inteqrasiyasına dəstək vermək, ictimaiyyətin diqqətini eşitmə pozulmasından əziyyət çəkən insanların problemlərinə yönəltməkdən ibarətdir. Təqdimat zamanı iştirakçılar jest dilinin nəzəriyyəsi, daktil əlifba və jest dili lüğəti haqqında məlumatlandırılmış və onlara bu dildə bir neçə sosial çarx təqdim olunmuşdur.

Tədbirin sonunda iştirakçılar çay süfrəsinə dəvət olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı