Kirayə bazarında rəsmi müqavilə bağlayanlar niyə azdır? - AÇIQLAMA

"Kirayə verilən hər bir əmlak - istər mənzil, istərsə torpaq sahəsi ilə bağlı notarial qaydada icarə müqaviləsi bağlanılmalıdır. İcarə müqaviləsi bağlanan zaman icarəyə verənin və icarəyə götürənin bütün hüquqları həmin müqavilədə qeyd olunur".

Bu sözləri Metbuat.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, müqavilənin şərtlərini pozan şəxs orada qeyd olunan formada qarşı tərəfə kompensasiya ödəməli olur:

"Xüsusən Bakıda və böyük şəhərlərdə kifayət qədər əmlak kirayə verilir. Lakin rəsmi qaydada kirayə müqavilələri bağlanmır. Həmin kirayə verilən evlərdə bir çox hadisələr baş verir. Nəticədə həmin problemlərin sonu məhkəmə qaydası ilə həll olunur".

Ekspert qeyd edib ki, kirayə verilən mənzillər mütləq şəkildə sığortalanmalıdır ki, hər hansısa hadisə baş verən zaman dəymiş zərər sığorta şirkətləri tərəfindən ödənilsin:

"Vətəndaşların müqavilə bağlamamasının səbəbi verginin çox olmasıdır. Vətəndaşlar notarial qaydada mənzil kirayə verirlərsə, bu halda kirayə verən 14 faiz dövlətə vergi ödəyir. Əmlakı notarial qaydada kirayə verirlərsə, bu halda əmlakın qiyməti real bazar qiymətindən daha aşağı qiymətə göstərilir ki, vergini daha az ödəsinlər. Bu da dövlət büdcəsinə çox mənfi təsir edir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı