Azərbaycan-Rusiya münasibətləri dinamik inkişaf edir

Azərbaycan-Rusiya siyasi münasibətlərinin yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə öz müsbət təsirini göstərir.

Metbuat.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfərinin mühüm məqamlarını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, iki ölkə arasında ticarət, sənaye, energetika, investisiya qoyuluşu, nəqliyyat, logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlığımız indiyədək imzalanmış 300-ə yaxın sənədə əsaslanır.

Aqil Əsədovun sözlərinə görə, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarətin daha da asanlaşdırılması üçün gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, yükdaşımaların həcminin artırılması və digər istiqamətlərdə dinamik və dayanıqlı tədbirlər görülür. Bunun nəticəsi olaraq, 2017-ci illə müqayisədə ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə - 4,4 milyard ABŞ dollarına çatıb. Cari ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572.8 milyon ABŞ dolları təşkil edib.

İİTKM-in şöbə müdirinin sözlərinə görə, iki ölkə arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsində 2024-cü ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi”nin imzalanması xüsusi qeyd edilməlidir. Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.

Rusiya və Azərbaycanın əməkdaşlığı, ikitərəfli iqtisadi münasibətlərin inkişafı istiqamətində önəmli rol oynayan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə daşınmaların artırılması, dəhliz boyunca infrastruktur təminatın təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və s. kimi məsələlər adıçəkilən yol xəritəsində də yer alıb ki, bu da iki ölkə arasında nəqliyyat-tranzit əlaqələrinin uzunmüddətli perspektivə malik olduğunu ifadə edir. Bu layihənin uğurla icrası sayəsində 2022-ci ilədək yükdaşımaların həcmi səkkiz dəfə, 2023-cü ilin altı ayı ərzində isə 60 faiz artıb. Ümumilikdə isə 2023-cü ildə dəhliz üzrə 9.3 milyon ton yük daşınıb. Dövlət başçılarının görüşündə də səsləndirildiyi kimi, Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu marşrutları üzərində işlər tam yekunlaşıb. Gələcəkdə dəhlizin ötürücülük qabiliyyətinin 15 milyon ton və daha çox olması hədəflənir.

Aqil Əsədov bildirib ki, Rusiya Prezidentinin dövlət səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən dövlət başçılarının Birgə Bəyanatı, AZPROMO ilə Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti arasında Anlaşma Memorandumu, ekologiya,əmək qanunvericiliyi, qida təhlükəsizliyi, bitkiçilik, səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində imzalanan sənədlər onu göstərir ki, iki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi sahədə deyil, digər istiqamətlər üzrə də inkişaf etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR