Bakıda "50 qəpik" avtoyuma məntəqəsində bədbəxt hadisə - Ölən var

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "50 qəpik" avtoyuma məntəqəsində dəhşətli hadisə baş verib.

Metbuat.az-ın Publika.az-a istinadən məlumatına görə, dostu ilə birgə velosipedini yumağa gedən 2010-cu il təvəllüdlü Rəşad Babayevi elektrik cərəyanı vurub. Yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Obyektin sahibi təqsirləndirilən şəxs qismində cəlb edilib.

Araşdırmalar zamanı məlum olub ki, 13 yaşlı Rəşad dostu ilə su şlanqını dartarkən cərəyan vurub.

Yeniyetmənin dostu hadisəni belə təsvir edib: "Rəşadı əvvəllər tanımırdım, Hövsanda yaşamırdı, bir neçə gün idi ki, babasıgildə qonaq idi, arabir küçəyə çıxıb bizimlə oynayırdı. Mən bəzən öz velosipedimi yumaq üçün evimizdən bir qədər kənarda yerləşən "50 qəpik" deyilən avtoyuma məntəqəsinə gedirdim. Həmin gün velosipedi yumaq üçün evdən çıxanda Rəşadla görüşdüm, hara getdiyimi soruşdu. Velosiped yumağa getdiyimi dedim. O da mənimlə getmək istədi. 50 qəpik pulu aparata atıb velosipedi özüm yuyan zaman, Rəşad şlanqı əlimdən alaraq velosipedi özü yumaq istədi. İkinci dəfə isə şlanqı əlimdən alıb yenidən yumağa çalışanda, onu elektrik cərəyanı vurdu. Mən şlanqın plastik hissəsindən tutduğum üçün cərəyan mənə təsir etmədi, lakin Rəşad metal hissədən tutduğu üçün onu vurdu. Rəşad yerə yıxıldı və tanımadığım bir adam köməyə gəlib, şlanqı ayağı ilə kənara itələdi. Mən isə qaçaraq Rəşadın anasına xəbər verdim".

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə obyektin sahibi Cinayət Məcəlləsinin 124.1-ci maddəsi üzrə təqsirli bilinib və qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı