Son günlər Bakının müxtəlif yerlərində ilanlar görünməyə başlanıb.
Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Zoologiya İnstitutun üzvü, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, şəhər mühitində yəni sıx məskunlaşma olan, asfalt döşənmiş yerlərdə ilanların yaşaması üçün əlverişli deyil:
"İlanların yaşaması üçün kol-kos, daş-qaya, təbii və qeyri-təbii sığınacaqlar olmalıdır. Çünki ilanlar gizlin həyat tərzi keçirir. Eyni zamanda burada qidalanma ilə bağlı da məsələ var ki, bu da onların yaşaması üçün əsas şərtlərdəndir. Onlar siçovul, kərtənkələ, qurbağa, quşlar bəzən də digər ilanlarla qidalanırlar. Ona görə də bu kimi heyvanların yaşadıqları yerlərdə məskunlaşırlar. Bu şərait olmayan yerlərdə ilanlar yaşaya bilmir”.
Bəs ilanlar şəhərin mərkəzinə haradan gəlib çıxır?
O bildirib ki, bu ilanların şəhərə gəlməsinin bir neçə səbəbi var:
"İlk səbəbi tikinti obyektləridir. Oraya şəhərdən kənar ərazilərdən daş, qum materialları daşınır. Bu daşınan materiallar arasında ilanlar da şəhərə gələ bilirlər. Digər bir yol isə insanların özləridir. Belə ki, insanlar yayda çimərliklərə gedirlər. Bu zaman sahildə yaşayan ilanlar avtomobilin müxtəlif hissələrinə girir və şəhərə qədər gəlib çıxırlar”.
T.İsgəndərovun sözlərinə görə, insanlar bu şəhərdə ilan görən zaman təbii ki, çaşqınlıq yaşayırlar:
"Şəhərdə görünən ilanlar ancaq qeyd etdiyim hallarda gəlib çıxa bilərlər. Bunun xaricində şəhərin içərisində ilan yaşamır, çünki onların yaşaması üçün şərait yoxdur. Təsadüfən gəlib çıxanda isə insanlara rast gələcək və məhv ediləcək. Dənizkənarı Bulvar ərazisində də su ilanları görünə bilər. Onlar da gizlənmək yaxud yem axtarmaq üçün sahilə yaxınlaşa bilərlər. Amma sadəcə olaraq sahilə yaxın ərazidə görülürlər.Yəni narahat olmaq üçün hansısa əsas yoxdur. Sadəcə olaraq qeyd etdiyim mövzularda diqqətli olmaq lazımdır".