Rusiya İrəvanı gizli silahlandırır - Bölgədə nə baş verir?

"Rusiya Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasında və uzun illər işğalda saxlanılmasına dəstək verən əsas dövlətlərdən biri olub. Eyni zamanda müxtəlif dövrlərdə Ermənistan Rusiya tərəfindən silahlandırılıb. Hansı ki, Rusiyanın verdiyi milyardlarla dollarlıq silah Azərbaycan tərəfindən məhv edildi. Bir hissəsi də Hərbi Qənimətlər Parkında nümayiş etdirilir".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib. O bildirib ki, Rusiyanın indiki məqamda da Ermənistanı silahlandırması təsadüfi deyil: "Rusiyanın bölgədə maraqları bir sıra məsələlərlə bağlı problem yaradır. Rusiya, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi. Hər üç dövlət uzun müddət qeyri-konstruktiv faəliyyət göstərdi. İşğalçıya heç bir təzyiq göstərilmədi. Bir sıra məqamlarda Rusiya-Fransa, Rusiya-ABŞ arasında ciddi konfliktlərin olmasına baxmayaraq, Cənubi Qafqaz və Ermənistan məsələsində müəyyən oyunların aparıldığının şahidi olduq və indi də oxşar oyunlar davam edir. Daha doğrusu Ermənistanın silahlandırılmasında Rusiya və ABŞ düşmən olsa da, hər ikisi Ermənistana dəstək verirdi".

Politoloqun sözlərinə görə, Ermənistanın Rusiya tərəfindən gizli silahlandırılması onu göstərir ki, pərdəarxasında müəyyən oyunlar var:

"Bu, narahatedici məqamlardan biridir. Xüsusilə Azərbaycan buna sülh danışıqları fonunda diqqət yetirir. Çünki Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalanmayıb. Azərbaycanın yürütdüyü diplomatik siyasət üçüncü qüvvələrin prosesdən kənarlaşdırılmasına və oyundan kənarda qalmasına gətirib çıxarıb. ATƏT-in artıq defakto mövzuda olmayan Minsk qrupu həmsədrlərinin hər üçü oyundan kənar vəziyyətdə qalıb və bölgədə varlıqlarını sürdürmək imkanlarına sahib deyillər. Ona görə də çalışırlar ki, bölgədə gərginlik yaransın. İstənilən halda Azərbaycan artıq bölgədə geosiyasi reallıqları dəyişib. Ermənistanın silahlanmasından aslı olmayaraq Azərbaycan bölgədə kifayət qədər təsir gücünə malikdir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı