Əhməd törətdiyi cinayətin təfərrüatını danışdı

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə Əhməd Əhmədovun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.

Xətai rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli qərarı ilə prosessual fəaliyyət qabiliyyati olmayan hesab edilənə qədar iş üzrə əvvəl şübhəli, daha sonra isə təqsirləndirilən şəxs qismində dindirilmiş Əhməd Əhmədov törətmiş olduğu cinayət əməlini etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli usulla adam öldürmə) va 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilib.

Əhməd Əhmədov ifadələrində göstərib ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən mənzildə tək yaşayıb. Mərhum Əhmədov Mehman Əhməd oğlu onun atası, mərhum Əhmədova Pikə Bədəl qızı anası, mərhum Əhmədova Elmira Mehman qızı doğma bacısı, mərhum Əhmədov Məhəmməd Mehman oğlu doğma qardaşı, azyaşlı Ülviyyə isə bacısı Elmiranın qızıdır:

“Atam, anam və qardaşım Xətai rayonu, General Şıxlinski küçəsi, ev 59 B, mənzil 303-də yaşayıblar. Bacım Elmira Əhmədova isə qızı Ülviyyə ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yaşayıblar.

Mən dəfələrlə ailəmə problemlər yaratdığım üçün evdə olan narazılıqlardan ötrü mənə ayrı ev alıblar. Həmin evdə tək yaşamışam. Tək yaşadığım üçün atam, anam, bacım və qardaşımla normal münasibətim olmayıb”.

Əhməd Əhmədov deyib ki, əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen işləyib:

“Cinayət törədən vaxt heç bir yerdə işləmirdim. 13 fevral 2024-cü ildə saat 10 radələrində atam Mehmanla birlikdə "Hunday Aksent" markalı 10 LY 304 dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, General Şıxlinski küçəsində olan evə getdik. Həmin vaxt evdə heç kim yox idi.

Atam mətbəxdə səhər yeməyi hazırlamağa başladı. Mən atamı öldürmək qərarına gəldiyim üçün evin mətbəxindən götürdüyüm bıçaqla qəflətən ona zərbələr vurmağa başladım. Atam ağır xəsarətlər alaraq yerə yıxıldı. Mən avtomobilin açarını və atamı vurduğum bıçağı götürərək evdən çıxdım.

"Hunday Aksent" markalı avtomobillə Bakı şəhəri, Suraxanı rayonunda yaşayan bacım Elmiragilə getdim. Bacım qapını açdı. Mən Elmiraya öz üzərimdə olan bıçaqla zərbələr vurmağa başladım və Elmira yerə yıxıldı. Həmin vaxt evdə olan bacım qızı Ülviyyə ağlayırdı. Mən Ülviyyəyə də bıçaqla zərbələr vurarkən bıçaq əlimdə qırıldı. Daha sonra mətbəxə keçdim, oradan başqa bıçaq götürərək onların ikisinə də həmin bıçaqla yenidən zərbələr vurdum.

Bıçaqların ikisini də orada qoydum və avtomobillə Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən binanın həyətinə qayıtdım və avtomobili orada saxladım”.

Əhmədin ifadəsindən məlum olur ki, təxminən saat 15 radələrində məhəllədə olan "AL market”ə girib və siqaret almaq istəyib:

“Lakin əlimdə qan olduğunu gördükləri üçün mənə siqaret satmadılar. Marketdən çıxarkən gördüm ki, anam Pikə və qardaşım Məhəmməd yaşadığımız evə gedirlər. Anamla sözlü mübahisə etdim.

Sonra anam dedi ki, çıx get, bəsdir, ailəmizi çox incidirsən. Pikə Məhəmmədlə birlikdə öz yaşadıqları binaya tərəf getdi. Mən də oradan “1001 xırdavat” mağazasına girdim və 20 manata balta aldım. Onların arxasınca yaşadığımız binaya tərəf getdim. Baltanı belimə qoyub anamgil yaşayan bloka daxil oldum. Anamgil isə liftlə öz yaşadıqları mənzilə qalxırdılar.

Mən digər liftlə həmin mənzilə qalxdım. Liftdən çıxan kimi belimdəki balta ilə qapını açmaq istəyən anamı vurmağa başladım. Bu zaman arxadan qadın cinsli bir şəxs anamı nə üçün vurduğumu soruşdu. Ona "bas bayıra" deyərək qışqırdım. Sonra həmin balta ilə qardaşım Məhəmmədi də vurdum və onları da öldürdükdən sonra qapını açaraq evə girdim. Baltanı şkafla eyvanın divarı arasındakı hissədə olan 2 ədəd su borusunun arxasında gizlətdim, paltarlarımı dəyişərək evdən çıxdım”.

Əhməd Əhmədov qeyd edib ki, piyada binanın həyətində yerləşən "AL market"in qarşısına gəlib və orada olan polis işçiləri özünü şübhəli apardığı üçün onu saxlayıb, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gətiriblər.

Əhməd Əhmədov verilən suallara cavab olaraq göstərib ki, hadisə baş vermiş Xətai rayonu, General Şıxlinski küçəsi ev 59 B-nin 1-ci mərtəbəsində quraşdırılmış təhlükəsizlik kamerasının görüntülərində 13 fevral 2024-cü il tarixda saat 15:43-də şalvarının kəmərinə balta keçirmiş kişi cinsli şəxs o özüdür:

“Atam Mehman, anam Pikə və bacım Elmira məni ailənin övladı kimi saymayıblar, mənə diqqət göstərməyiblər. Məndən ayrı yaşamaq istəmələri səbəbindən məndə ailə üzvlərimə qarşı böyük nifrət yaradıblar. Qardaşım Məhəmməd və Elmiranın qızı Ülviyyə də böyüyüb gələcəkdə valideynləri kimi olacaqları üçün onların hər birini öldürmüşəm ki, rahatlıq tapım.

Eyni zamanda daxilimdəki səs sanki mənə deyirdi ki, ailə üzvlərini öldürməliyəm, mən bunu etmişəm. Cinayət hadisəsi zamanı sağ əlimin iki barmağının kəsilməsi xəsarətini almışam. Hadisənin şahidi qonşuluqdakı mənzildə yaşayan adını bilmədiyim qadın cinsli şəxs olub. Hadisə baş verən vaxt əynimdə qara rəngli qolsuz gödəkçə və göy rəngli cins şalvar olub.

Hadisə zamanı bədən səthi üzərində və paltarlarında qan ləkəsi olub. Odur ki, paltarlarımı anam və atam yaşayan mənzilin hamam otağında dəyişib, çölə çıxmışam”.

Əhməd qeyd edib ki, o, heç bir ruhi və ya psixi xəstəlikdən əziyyət çəkmir, heç vaxt narkotik vasitə qəbul etməyib, hərdən bir spirtli içki içib. Cinayət törədən zaman spirtli içkinin təsiri altında olmayıb.

Hazırda proses davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı