COP29 ərəfəsində nümayəndə heyətləri üçün logistik brifinq təşkil edildi

Noyabrın 10-da COP29 konfrans məkanı Bakı Stadionunda keçirilən brifinqdə 500 nəfərə yaxın müxtəlif ölkələrin nümayəndə heyətlərinin üzvləri iştirak edib.

Metbuat.az xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir və Protokol və xarici əlaqələr şöbəsinin nümayəndəsi Qreys Ann Smit COP29-un əməliyyat aspektləri haqqında ən son məlumatları təqdim ediblər.

Brifinqdə beynəlxalq iqlim konfransında iştirak edəcək yüksək səviyyəli qonaqların qarşılanması, nəqliyyat və yerləşdirmə də daxil olmaqla vacib məsələlər əhatə olunub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova COP29-un ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti ərzində keçiriləcək əsas tədbir və görüşlərin təşkilati tərəfləri, konfrans zamanı ölkə başçılarının tələb olunan səviyyədə qarşılanması üçün görülən tədbirlər barədə məlumat verib. Brifinqdə həmçinin COP29 Mavi və Yaşıl Zonalarında mövcud müxtəlif sahələr, burada fəaliyyəti qurulan iaşə və digər məntəqələr və ərazilər barədə ətraflı məlumat verilib, eləcə də çoxsaylı ziyarətçi axının idarə edilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi istiqamətində görülən işlər barədə danışılıb.

Brifinqin ikinci hissəsində xarici ölkələrin nümayəndə heyətlərinin üzvlərinin sammitin təşkili, nəqliyyat şəbəkələri, viza prosedurları və s. mövzularda sualları cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı