Rüstəmxanlıdan etiraza səbəb olan aksiyaya REAKSİYA

İsveçli fəal Qreta Tunberq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirlən 29-cu sessiyasına (COP29) qarşı Tbilisinin mərkəzindəki Azadlıq meydanında etiraz aksiyası təşkil edib.

Aksiyaya bəzi erməni, gürcü və azərbaycanlı ictimai fəallar qatılıb. Onların arasında son parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Vəfa Nağı da olub.

Vəfa Nağının Azərbaycan əleyhinə keçirilən aksiyada ermənipərəstlərlə bir sırada dayanmağı ictimaiyyətdə etiraz doğurub. Sosial şəbəkələrdə də onun bu addımı pislənilib və ictimai fəal olaraq qınananılıb.

Metbuat.az xəbər verir ki, Milli Məclisin Neftçaladan seçilən deputatı Tənzilə Rüstəmxanlı Modern.az-a bildirib ki, Tbilisidəki mitinqdə iştirak edənlər, eləcə də Vəfa Nağı erməni dəyirmanına su töküb:

“Azərbaycanın əleyhinə olan, ölkəmizdə yalnız COP29 deyil, hər hansı böyük beynəlxalq tədbirlərin keçirilməsini istəməyən bu adamlar qələbələrimizə, zəfərimizə düşməncə baxan güclərin dəyirmanına su töküblər. O güclərin əlaltıları da Azərbaycandadır. Seçki marafonunda bunları gördüm. Arxalarında onları maliyyələşdirən, Fəthullah Gülənin məktəbini qurtarmış, Azərbaycanın çörəyi və puluyla təhsil alıb indi Azərbaycanda hüquq sistemində çalışanların, vəkillik edənlərin hamısı bu qadının yanında idilər, onu müdafiə edirdilər. Nə qədər türk düşməni vardısa, bizim qarşımızdaydı. Bunların haradan maliyyələşdiyini, arxalarında kimlərin olduğunu bilirdik. BBC kimi böyük media qurumunun Azərbaycanın 125 dairəsində seçki getdiyi halda gəlib 3 gün Neftçalada oturub, bunları işıqlandırmasının səbəbi nəydi? Məqsəd, əlbəttə vardı: içimizdə yetişdirib, böyütdükləri sapı özümüzdən olan baltaları, kürəyimizə hər an saplana biləcək, bizdən görünüb, amma bizə düşmənçilik edən insanları işıqlandırmaq. Qarabağ müharibəsi başlayanda da, antiterror tədbirləri keçiriləndə də həmin şəxslər müəyyən addımlar atırdılar. Seçkidə onlara ayrılan qrantlar Gürcüstan üzərindən gəlirdi. İçəridən də onları maliyyələşdirənlər var".

Deputat vurğulayıb ki, dövlət belələri ilə ciddi məşğul olmalıdır:

"Bunların sığındıqları yalançı demokratiya və feminizmdir. Mən feminizmin bütün tarixini bilirəm. Bunlar feminizm nədir bilmirlər, heç əlaqələri belə yoxdur. Qadın azadlığı barədə anlayışları mövcud deyil. Bunların bir məqsədi var: Azərbaycan xalqına və dövlətinə düşmənçilik. Bir adamı ki erməni soyqırımını müdafiə edən, Hrant Dinkin "Aqos" qəzetinin yazarı dəstəkləyir, məqsəd bəllidir. Heç təəccüblənmədim. Bu türk və Azərbaycan dövlətinin düşmənləri ilə onsuz da mübarizə aparırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı