Bakıda 130 bina söküləcək - Bu ünvanlardan başlanacaq

Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərtəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək.

Söküləcək binaların yerində isə meşə tipli parkların salınacağı, yaşıllıq zonalarının artırılacağı planlaşdırılır.

Məsələ ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov danışıb. O, bildirib ki, tikinti və söküntü işləri ilə bağlı çox ciddi və xüsusi normalar tətbiq olunacaq: "2040-cı ilə qədər Bakının mərkəzləri bir-birilə yaşıl koridorlar vasitəsilə bağlanacaq".

Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər adiyyəti dövlət qurumlarına göndərilib. Söküləcək binalarda mənzillərin sayı, onların sahəsi və nə qədər sakinin yaşaması ilə bağlı dəqiqləşdirmə işləri aparılır. Bu binaların sakinlərinin əksəriyyəti maliyyə vəsaiti ödənilməklə köçürüləcəklər. Bina sakinləri mənzilləri müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər.

Metbuat.az xəbər verir ki, Baku.ws Bakıda fərdi yaşayış evlərinin söküntüsünə hansı ərazilərdən başlanması barədə məlumat əldə edib. Belə ki, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra start veriləcək. Bu müddət dekabr ayına və ya növbəti ilin yanvar ayından sonrakı müddəti əhatə edəcək.

Belə ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, Sevirəm parkının davamı olacaq və parkın ərazisi xeyli genişlənəcək. Məlum sökünütü işlərini aparmaq üçün evə obyekt sahiblərinə 2-3 min manat arası kompensasiya təklif edilib.

Digər söküntü olacaq ərazi isə Bakının Yasamal rayonudur. Bu ərazidə də sakinlərə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq. Söhbət "Təzəpir" məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxa hissəni kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq. Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.

Digər söküntü işləri isə Nəsimi rayonunda "Kubinka" adlanan ərazidəki fərdi evlərdən gedir. Həmin ərazidə bütün sakinlərlə razılıq əldə olunub və müqavilələr bağlanıb. Bu sakinlərlə tam razılıq əldə olunduqdan sonra kompensasiya və ya yeni tikiləcək hündür mərtəbəli binalarda evlər təklif olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı