Allahşükür Paşazadə müharibələrlə bağlı çağırış etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Yaxın Şərqdə və Ukraynadakı müharibələrlə bağlı çağırış edib.

Metbuat.az xəbər verir ki, QMİ sədri bununla bağlı Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının "Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda 10-cu Yubiley Qlobal Forumunda çıxışı zamanı bildirib.

O, Yaxın Şərqdə və Ukraynada problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun həll olunmasının tərəfdarı olduğunu söyləyib.

QMİ sədri günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsız miqrant faciələrinə son qoyulmasına çağırıb.

A.Paşazadə vurğulayıb ki, bütün mövcud problemlərin fövqündə duran sülhün bərqərarı, planetimizin qorunması məramı ilə BMT Sivilizasiyalar Alyansı, BMT İqlim Dəyişikliklərinə dair qlobal COP tədbirləri çərçivəsində sülh naminə dini liderlərin iştirakı ilə real əməkdaşlıq müstəvisinin təşkili yönündə səylər təqdir olunmalıdır.

Şeyxülislam 200 ölkənin yekdil qərarı ilə BMT İqlim dəyişmələri üzrə COP29 tədbirinə ev sahibliyi etmək şərəfinə layiq görülmüş multikultural Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini məhz BMT-nin Nizamnaməsinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini xatırladıb. Bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa edir, yandırılmış və minalanmış torpaqlarımızı təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır.

A.Paşazadə qeyd edib ki, kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini bu illər ərzində hər zaman hiss etmişik və buna görə hədsiz minnətdarıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı