AzTV bu deputatları sərt tənqid etdi - VİDEO

Noyabrın 27-də keçirilən Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova qanun layihələrinə münasibət bildirən bəzi millət vəkillərinə irad tutub. Spiker çıxış edən millət vəkilləri tərəfindən kiçik məsələlərin şişirdildiyini bildirib. Dövlətin sosial sahədə gördüyü işlərlə bağlı isə niyə danışılmadığını onlara sual edib.

Metbuat.az-ın məlumatına görə, gündəm olan məsələ “AzTV ”nin diqqətindən yayınmayıb. Belə ki, xəbərlərin axşam buraxılışında Milli Məclisin iclası ilə bağlı süjet təqdim edilib. Süjetdə Siyavuş Novruzov, Səyyad Aran, Razi Nurullayev, Arzuxan Əlizadə və digər millət vəkilləri sərt tənqid edilib. Onların sosial mövzuları az qala çarəsizlik formulu üzərindən təqdim etmələri ölkədə həyata keçirilən dövlət siyasətinə xoşagəlməz fon yaratdığı bildirilib.

"Millət vəkilinin öz seçicisinin rəğbətini qazanmaq üçün reklama deyil, dövlətin dinamik inkişaf strategiyası barədə tam məlumatlı olmağa və onu vətəndaşa doğru şəkildə çatdıra bilməyə ehtiyac var. Parlament ölkənin simasıdır və bu orqanda dövləti həm seçicilər, həm də beynəlxalq təşkilatlar qarşısında layiqincə təmsil etməyi bacaran insanlar çalışmalıdır. Parlament üzvü savadlı, punktual, yüksək nitq mədəniyyətinə sahib olmalı, ölçülüb-biçilməmiş, sosial media istifadəçiləri və cəmiyyət üçün gülüş obyektinə çevriləcək ifadələr işlətməməlidir. Halbuki, məsələlərin mahiyyətini guya sadə şəkildə çatdırmaqla əlaqələndirən şoumenlər də ortaya çıxır, dillərinin bəlasına görə komik duruma düşürlər", - deyə süjetdə qeyd edilib.

Həmin videosüjeti təqdim edirik:


Zaur Əliyev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı