Beyləqanda şəhid qardaşı ilə şəhid bacısının toy mərasimi keçirilib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, antiterror əməliyyatının şəhidi, rayonun Qəhrəmanlı qəsəbəsindən olan Rüstəmli Bəhruz Malik oğlunun qardaşı Mövlan və Vətən müharibəsi şəhidi, Birinci Şahsevən kəndindən olan İsmayılzadə Vaqif Vüqar oğlunun bacısı Əminənin toy mərasimi keçirilib.
Beyləqan rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.
Həyat yollarını birləşdirən gənclərə xoş arzularını çatdıran Əziz Əzizov və Kamal Həsənov onlara addımladıqları birgə yolda can sağlığı, ailə səadəti və firavanlıq arzulayıblar. Şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu qeyd edən Əziz Əzizov Azərbaycanın suverenliyini təmin edən, torpaqlarımızı düşmən tapdağından azad edən şəhidlərimizin ruhlarının şad olduğunu, onların ailə üzvlərinin daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib.
Şəhidin ailə üzvləri onları əziz günündə tək qoymadığı üçün rayon rəhbərliyinə təşəkkür edib, göstərilən diqqət və qayğıdan razılıqlarını bildirərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.