"​WhatsApp"dan mesaj və kanallarla bağlı sürpriz yenilik

"WhatsApp" mesajların və kanal yeniləmələrinin tərcüməsi üçün yeni funksiya hazırlayır.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "Meta" şirkətinə məxsus ani mesajlaşma platforması iyul ayından etibarən bu xüsusiyyət üzərində işləyir.

"WABetaInfo" tərəfindən WhatsApp-ın Android üçün 2.24.26.9 beta versiyasında aşkar edilən bu funksiya hələ inkişaf mərhələsində olduğundan beta istifadəçiləri üçün əlçatan deyil. Paylaşılan ekran görüntülərinə əsasən, kanallardakı yeniləmələri və söhbətlərdəki mesajları tərcümə etmək üçün xüsusi düymə olacaq.

Təhlükəsizlik və məxfilik səbəbindən tərcümə prosesi cihazda həyata keçiriləcək, aktiv internet bağlantısı tələb etməyəcək. İstifadəçilər tərcümə funksiyasından istifadə etmək üçün dil paketlərini endirməli olacaqlar.İlkin mərhələdə ingilis, hind, rus, ərəb, ispan və portuqal dillərini dəstəkləyəcək. Sonrakı mərhələlərdə daha çox dilin əlavə ediləcəyi gözlənilir.

"WhatsApp"dan tərcümə funksiyasının nə zaman hamı üçün əlçatan olacağı barədə məlumat verilməyib.

Bununla yanaşı, şirkət bayram mövsümü ərəfəsində masaüstü və mobil istifadəçilər üçün yeni zəng xüsusiyyətlərini təqdim edib. İstifadəçilər artıq qrup söhbətindən bütün üzvləri narahat etmədən konkret iştirakçıları seçərək zəng edə biləcəklər. Video zənglər üçün on müxtəlif effekt də seçmək mümkün olacaq.

Masaüstü versiyasında isə "WhatsApp" zəng etməyi, zəng linki yaratmağı və nömrəni birbaşa yığmağı daha da asanlaşdırıb. Bundan əlavə, şirkət fərdi və qrup video zənglərində daha yüksək görüntü keyfiyyəti təqdim edəcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR