Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2003-2016-cı illərdə baş katibi olan Nikolay Bordyuja Ermənistanın təşkilata üzvlüyünü dayandırmasını böyük səhv adlandırıb. O, KTMT ilə yanaşı, Rusiyanın İrəvana böyük köməkliklər göstərdiyini belə izah edib: “Ermənistanın hərbi qüvvələri, o cümlədən bütün güc strukturları illər boyu Rusiyadan hərtərəfli - hərbi texnikadan tutmuş elmi və texniki dəstəyə qədər, yardım alıblar. Sadəcə rəqəmlər gizlidir, ancaq onu bilərəm ki, Rusiya Ermənistanın silahlı qüvvələrinə və bütövlüklə Ermənistana kifayət qədər maliyyə xərcləyib. Söhbət böyük rəqəmlərdən gedir”.
Metbuat.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Nikolay Bordyuja həqiqəti söyləyir:
“Ermənistan müstəqilliyini qazandıqdan İkinci Qarabağ müharibəsinə, hətta ondan sonrakı dövrə qədər Rusiyadan milyardlarla dollar həcmində silah və sursat alıb. Rusiyanın keçmiş illərdəki hərbi komandanlığı Ermənistana Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalının planlamasında da kifayət qədər dəstək verib. Rusiya Ermənistanı həm rəsmi, həm də qeyri-rəsmi kanallarla silahlandırıb. Rusiya Dövlət Dumasının keçmiş deputatı, müdafiə komitəsinin keçmiş sədri Lev Roxlin 1990-cı illərin ortalarında Rusiyanın Ermənistana qeyri-qanunu yollarla 1 milyard dollar civarında silah və hərbi texnika göndərdiyini bildirmişdi. Lev Roxlin bunu açıqladıqdan bir müddət sonra evində ölü tapıldı. Roxlinin açıqlaması o zaman rəsmi Bakını ciddi narahat etmişdi. Mərhum Prezident Heydər Əliyev rusiyalı həmkarı Boris Yeltsinlə görüşdə bu məsələnin araşdırlmasını tələb etmişdi. İkitərəfli komissiya yaradıldı, ancaq Kreml bu məsələni araşdırmaqda maraqlı deyildi. Vladimir Putin hakimiyyətə gəldikdən sonra Ermənistana hərbi yardım dayandırılmadı, əksinə, Serj Sərkisyanın prezidentliyi dövründə İrəvana Rusiyadan hərbi texnika almaq üçün 200 milyon dollarlıq kredit ayrıldı. Kremlin Nikol Paşinyana mənfi münasibətinə baxmayaraq, onun hakimiyyəti dövründə də Rusiyadan Ermənistana hərbi texnika daşınırdı.
İkinci Qarabağ müharibəsi dövründə Rusiya Mərkəzi Asiya və İran üzərindən Ermənistana hərbi texnikanı ötürməkdə davam edirdi. Müharibə dövründə Azərbaycana qarşı istifadə edilən Rusiyanın İsgəndər-M raketləri Ermənistana eyni marşrutla çatdırılmışdı. Bütün bunlardan məlumatlı olan Nikolay Bordyuja Rusiyanı və KTMT-ni tənqidinə görə Ermənistan hakimiyyətinin naşükür olduğunu, İrəvanın Kremlin yaxşılığını tez unutduğunu bildirir. Rusiya bütün zamanlarda Ermənistanı Azərbaycana qarşı silahlandırıb”.