Ekoloji vəziyyətin hər gün diqqətə gətirildiyi vaxtda Abşeron rayonunun Masazır qəsəbəsindəki “asma zibillərlə bəzənmiş” küçələr həm antisanitar şərait, həm də xoş olmayan mənzərə yaradır. Sakinlərin zibil torbalarını nə üçün ağac və divarlardan asması isə sual doğurur.
Metbuat.az-ın məlumatına görə, buna səbəb bələdiyyənin sakinlərin bir növ rahatlığını təmin etmək məqsədilə atdığı addımdır.
Belə ki, Masazır bələdiyyəsindən vətəndaşlara bildirilib ki, zibilyığan maşınlar məişət tullantılarınızı qapınızdan təhvil alacaq. Amma zibilləri günlərdir həyətlərində iylənən vətəndaşların da səbri bir yerdə tükənib və həmin tullantılardan xilas olmaq yolunu onları küçələrdən asmaqda görüblər. Qapılardan yığılmalı olan zibil torbaları isə günlərdir küçələrdə zibilyığan maşının yolunu gözləyə-gözləyə qalır.
Məsələ ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli sorğumuza cavab olaraq bildirib ki, zibilin daşınması qapıdan yığılma prinsipi və konteynerlərə toplanıb daşınma formasında həyata keçirilir.
“Bu, ərazi və əhali sayına görə, həmçinin məişət tullantısının miqdarına görə dəyişir. Bunun müəyyən günləri və saatları var”.
Masazır bələdiyyəsinin rəsmiləri də verilən cavabı təsdiqləyib.
“Texnikada nasazlıq olanda yubanmalar baş verir. Ona görə də əfsuslar olsun ki, belə hallar yaranır. Amma texnikalar yenidən saz vəziyyətə qaytarıldıqdan sonra hərə öz ərazisində fəaliyyət göstərir. Demək olar ki, həftədə 2 dəfə bir küçəyə maşın verilir. Bu bölgü ilədir: 1-ci – 3-cü, 2-ci – 4-cü, 2-ci – 6-cı, 1-ci – bazar günü – ayrı-ayrıdır. Siqnal üsulu ilə qapılar döyülür və vətəndaşlardan zibillər toplanılır”, - deyə Masazır bələdiyyəsinin sahə rəisi qeyd edib.
Sevinc İbrahimzadə / Metbuat.az