​Azərbaycanda balıq bahalaşacaq - Ekspert

Son vaxtlar Xəzər dənizinin geri çəkilməsi aktivləşib. Bu da balıqların yox olmaq təhlükəsini ön plana gətirir. Bəs bu halda bazarda balıqların bahalaşması gözlənilir?

Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Metbuat.az-a açıqlamasında bildirib ki, balıqların azalması, yoxa çıxması heç də Xəzər dənizinin geri çəkilməsi ilə əlaqədar deyil. Əslində, su nə qədər geri çəkilsə də, balıqların üzməsi üçün su var və olacaq:

“Xəzər həmişə geri çəkilir, müəyyən müddətdən isə sonra isə öz məcrasına qayıdır. Balıqların azalmasının əsas səbəbi Xəzər sularının aşırı dərəcədə çirkləndirilməsi ilə bağlıdır. Neft hasilatı ciddi şəkildə dənizi çirkləndirir. Digər tərəfdən Xəzər dənizinə sənaye tullantılarının axıdılması dənizi çirkləndirən əsas amillərdən biridir. Əslində, kanalizasiya da çirkləndirmə yaradır. Amma bu orqanik çirkləndirmədir və o qədər də ciddi təsirə malik deyil. Əsas ciddi təsirə malik iki amildir. Bu səbəblərdən Xəzər dənizində balıq ya azalır, ya da sahil akvatoriyasında çirkli sular daha çox olduğuna görə balıqlar dərinliklərə gedir. Həmçinin bu çirklənmələr səbəbindən balıq kürüləri, körpə balıqlar da zəhərlənərək tələf olurlar. Bu da dəniz mühitinin məhsuldarlığını aşağı salır”.

akif-n-sirli-1

İqtisadçı ekspertin sözlərinə görə, hazırda Azərbaycanda balıq qıtlığı müşahidə olunur:

“Qıtlıq da qiymətlərin bahalaşmasının əsas səbəbidir. Hal-hazırda Azərbaycana Gürcüstandan və Rusiyadan, hətta bəzi hallarda Qazaxıstandan balıq idxal olunur. Hesab edirəm ki, Azərbaycanda bu problemlər aradan qalxmalıdır və Xəzərdə neft hasilatı texnologiyası elə yüksək dərəcədə inkişaf etdirilməlidir ki, neft tullantıları, neft sızmaları baş verməsin. Eyni zamanda Xəzər sahillərindəki sənaye obyektləri öz tullantılarını təmizləyərək axıtmalıdır. Bunlar hələ ki perspektivdir və bu işlə hələ məşğul olan yoxdur. Məşğul olan olsa da, birinci onillikdə Xəzər dənizi təmizlənməlidir. Növbəti onillikdə isə artıq dənizdə balıqların sayının artması müşahidə oluna bilər”.

A.Nəsirli qeyd edib ki, balıqların bahalaşması yavaş-yavaş davam edəcək:

“Sıçrayışla bahalaşmanı gözləmək olmaz. Tələbat artanda, xüsusən bayram ərəfələrində balıq qiyməti iki dəfə bahalaşa bilər. Məsələn, Novruz bayramı ərəfəsində ən çox satılan balıq növü kütümdür. İndi 13-15 manata təklif olunursa, bayramqabağı 30 manatadək qalxa bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı