​​Əhmədian niyə Bakının ardınca İrəvana getdi? - AÇIQLAMA

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian öncə Azərbaycana, daha sonra isə Ermənistana səfər edib. Maraqlıdır, bu səfərlərin ardıcıl olması nə ilə əlaqəlidir və regiondakı diplomatik münasibətlərə necə təsir edə bilər?

Bu barədə politoloq Abutalıb Səmədov Metbuat.az-a açıqlamasında bildirib ki, Əli Əkbər Əhmədianın Azərbaycana səfəri ilk növbədə İran- Azərbaycan münasibətləri ilə bağlı olan bir səfərdir və görüşlər zamanı, təbiidir ki, dövlətlərimiz arasında baş verən proseslər və problemlərin aradan qaldırılması yolları müzakirə olunub:

“Xüsusilə son günlərdə Ərdəbil məscidinin imamın fitnəkar çıxışı Azərbaycanda çox böyük hiddət doğurub və Azərbaycan Pprezidenti tələb etdi ki, bu çıxışa görə İran rəsmi şəkildə Azərbaycandan üzr istəsin. Digər problemlər də var ki, şübhəsiz ki, müzakirə olunmalıdır və yəqin ki, olunub. Ancaq indi elə bir vəziyyət yaranıb ki, İran bir çox məsələlərdə Ermənistanın vəkili kimi çıxış edir. Elan edir ki, Ermənistanın ərazi bütövlüyü onun qırmızı xəttidir, Zəngəzur dəhlizi ilə bağlı məsələdə az qala bölgənin bütün dövlətlərinə müharibə elan etməyə hazır olduğunu bildirir. Bu səbəbdən onun Azərbaycandan sonra Ermənistana səfəri təbii qarşılanmalıdır. Çünki yəqin ki, Azərbaycanda Ermənistanla bağlı məsələlər də müzakirə olunub. Söhbət ilk növbədə Zəngəzur dəhlizindən gedir. İran bu məsələdə Ermənistandan çox canfəşanlıq edir”.

Politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti də son müsahibəsində bir daha bu məsələyə toxundu və 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatın tələblərinə əməl olunmasının zəruriliyini qeyd etdi:

“Paşinyan qol çəkib və həmin bəyanatda açıq şəkildə yazılıb ki, Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn kommunikasiyalara Rusiya sərhəd xidməti nəzarət etməlidir və bunu nə Ermənistan, nə də İran qəbul etmir. Bu da Zəngəzur dəhlizinin açılmasını ləngidir. İran, ümumiyyətlə, Zəngəzur dəhlizinin açılmasını istəmir və Naxçıvanla Azərbaycanın İran vasitəsilə əlaqə saxlamasında maraqlıdır. Şübhəsiz ki, Bakı müzakirələrindən sonra bu məsələnin İrəvanda da rəsmi şəxslərlə müzakirəsinə ehtiyac var. Təhlükəsizlik, iqtisadi əməkdaşlıq, 3+3 formatının fəaliyyətinin gücləndirilməsi və s. məsələlər həm Azərbaycanı, həm İranı, həm də Ermənistanı maraqlandırır. Bu səbəbdən İranın Təhlükəsizlik Şurasının katibinin Azərbaycandan sonra Ermənistana getməsində qeyri-adi heç nə yoxdur və konstruktiv mövqe tutulsa, bu regiondakı münasibətlərə yalnız müsbət təsir göstərə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı